“İkinci namizəd yalnız siyasi lider ola bilər” Müsavat Partiyası ilə AXCP-nin Milli Şuranın ikinci vahid namizədinin olmasını istədiyi bəllidir. Bu gün Müsavat Partiyasından Gülağa Aslanlı və AXCP-dən Fuad Qəhrəmanlı professor Cəmil Həsənlinin namizədliyini dəstəklədiklərini bildiriblər.
Bununla bağlı virtualaz.org-a açıqlama verən Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan isə bildirdi ki, ümumi razılığı heç kim öz adına çıxmamalıdır: “Biz nə Cəmil Həsənlinin, nə də başqa bir ziyalının dəstəklənməsinə razı deyilik. Çünki gələcəyə ümid verən ziyalı yalnız İbrahimbəyovdur”.
“İkinci namizəd yalnız siyasi lider ola bilər” - deyən Ə.Temirxan qeyd etdi ki, siyasi partiya liderləri bir araya gələrək öz aralarından bir namizəd irəli sürməlidir: “Bunu edə bilmirlərsə, bu qərarın verilməsinə mane olan şəxsin adını açıqlamalıdırlar. Siyasi liderlər arasında prezidentliyə ən layiqli namizəd ALP lideri Lalə Şövkətdir. Amma o, öz namizədliyini irəli sürmədi”.
Siyasi liderlərdən birinin səs vermə yolu ilə Milli Şuranın vahid namizədi seçilə biləcəyini söyləyən Ə.Temurxan bəzi qurum üzvlərinin bununla razılaşmadığını da bildirdi: “Bu razılıq əldə olunmadığına görə ziyalılardan biri namizəd olaraq seçilir. Necə deyərlər, o ziyalı bir qurbana çevrilir”.
ALP sədrinin sözlərinə görə, siyasi liderlərdən Əli Kərimli, İsa Qəmbər, Eldar Namazov və Mirmahmud Mirəlioğlu vahid namizəd ola bilər: “Bu dörd lider razılaşıb bir namizəd seçsin. Biz də o namizədi dəstəkləyəcəyik. Bu məsələ səsvermə yolu ilə həll edilməlidir. Ən uğurlu variant budur. Amma bu məsələdə konsensus əldə edilməyib. Buna görə də bir ziyalını dəstəkləyirik”.
Həmin ziyalının adını açıqlamaq istəməyən Ə.Temirxan söylədi ki, ilkin razılığa gəlinib və ALP də namizədliyi irəli sürülən şəxsi dəstəkləyəcək: “Biz öz üzvlərimizə həmin ziyalının dəstəklənməsini tövsiyə etmişik”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?