Milli Şuranın seçkilərdə məğlub olmasından sonra uzun illərdir müxalifətdə olan bəzi liderlərin istefa verəcəyi, ya da siyasətdən gedəcəyi proqnozlaşdırılır. Bu siyahıda Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkətin adı da hallandırılır.
ALP sədri Əvəz Temirxan Lalə Şövkətin siyasətdən gedib-getməyəcəyinə aydınlıq gətirib. O, Modern.az saytına açıqlamasında L.Şövkətin siyasətdən getmək fikrinin olmadığını bəyan edib: “Lalə xanım həmişə siyasətdədir. Lalə xanım üçün siyasətdə olmaq Azərbaycan üçün çalışmaq deməkdir”.
Ə.Temirxan daha sonra rəhbəri olduğu partiyanın və Lalə Şövkətin seçkilərlə bağlı mövqeyini açıqlayıb: “Seçkilər azad və ədalətli keçmədi. Xeyli pozuntulara yol verildi. Daxili müzakirəmiz olacaq, ondan sonra mövqeyimizi ifadə edəcəyik. Lalə Şövkət mövqeyini özü ortaya qoyacaq. Bu çox ciddi məsələdir, fikirlərini məhz özü bildirəcək”.
“ALP Milli Şurada qalacaqmı” sualına cavab verən Ə.Temirxan bu məsələnin onlar üçün gündəmdə olmadığı qeyd edib: “Bizim üçün Milli Şurada qalmaq və ya qalmamaq gündəmdə deyil”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?