Bakı polisi Sabunçu məhkəməsi qarşısında baş verənlərlə bağlı açıqlama yaydı
Bakı Şəhər Baş Polis İdarəsi oktyabrın 28-də Sabunçu Rayon Məhkəməsində ilahiyyatçı Tale Bağırovun məhkəmə prosesi zamanı baş verənlər barədə məlumat yayıb. Məlumatda qeyd olunur ki, oktyabrın 28-də Sabunçu Rayon Məhkəməsində T.Bağırovun işi üzrə keçirilən məhkəmə prosesində məhkəməyə gəlmiş vətəndaşlarla hüquq-mühafizə orqanları əməkdaşları arasında insident yaşanıb.
Sitat: “Həmin vətəndaşlar məhkəmə zalında ictimai asayişi kobud şəkildə pozan hərəkətlər edərək məhkəmənin işini pozmağa cəhd ediblər. Onlar hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq məhkəmənin həyətində bu hərəkətləri davam etdirib, hətta hərəkət intensivliyi olan küçədə avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Həmin şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib və dörd nəfərə xəsarət yetiriblər. Hüquqazidd əməllərin fəal iştirakçıları polis tərəfindən saxlanılıb və dörd nəfərin barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib”.
Məlumatda saxlanılan şəxslərdən Abbasov Şəhriyar Xalid oğlu, Hüseynov Abbas Məmmədbağır oğlu, Əsgərov Sənan Kamil oğlunun adları qeyd olunur. Qeyd edək ki, İslamçıların Hüquqlarını Müdafiə Komitəsi 4 nəfər barədə cinayət işinin açılması ilə bağlı məlumat yayıb.
Ötən gün həbsdə olan ilahiyyatçı Tale Bağırov bəyanat yayıb. “Azadlıq” qəzetinin yaydığı bəyanatda qeyd olunur ki, 28 oktyabrda məhkəməni izləməyə gələn yüzlərlə insan, çoxsaylı media nümayəndələrinə məhkəməni izləmək üçün şərait yaradılmamış, onlara qarşı zorakılıq tətbiq olunub. Həbsindən bu yana özünə və tərəfdarlarına qarşı haqsızlıqların olduğunu qeyd edən ilahiyyatçı hakimiyyətə müraciət edir: “Hakimiyyətin ”uğurlu" siyasəti nəticəsində Rusiya bazarlarında çörək pulu qazanan Orxan Zeynalova qarşı Rusiya polisinin etdiyi azğın hərəkətlər 28 oktyabrda Sabunçu gestaposunun öz xalqına qarşı etdiyi vəhşiliyin yanında müqayisə olunmazdır. Nə qədər ki, bu rejim hakimiyyət başındadır, qürbətdə çörək pulu qazanan minlərlə Orxan Zeynalovların və vətənimizdə olanların əzilməsi davam edəcək. Buna görə bütün xalqımızı bu rejimə qarşı sivil mübarizədə birləşməyə çağırıram".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?