Milli Məclisin iclasında “Müstəqillik haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar Siyavuş Novruzovla Vahid Əhmədov arasında fikir ayrılığı yaranıb.
Gundemxeber.Az-ın məlumatına əsasən, S.Novruzov bəzi şəxslərin özünü “istiqlalçı deputat” adlandırmasına etiraz edib.
O qeyd edib ki, Azərbaycan SSRİ məkanında öz müstəqilliyini ən gec elan edən ölkələrdən olub.
“Bu gün özünü istiqlalçı deputat hesab edənlər bütövlükdə müstəqilliyin bərpasına səs verən deputatları qeyri-istiqlalçı deputat hesab edirlər. Tarix gələcəyə düzgün çatdırılmalıdır”, - deyə S.Novruzov əlavə edib.
V.Əhmədov isə qeyd edib:
“İndi burada danışmaq çox asandır. Bu zalda referendumla əlaqədar 43 deputat Azərbaycanın SSRİ-dən ayrılmasına səs vermişdi. Onlardan biri də ulu öndər Heydər Əliyev idi. İndi durub SSRİ-nin saxlanılmasının əleyhinə səs verən istiqlalçı deputatların alçaldılmasını qəbul etmirəm”.
Qeyd edək ki, 1991-ci ilin 7 martında Azərbaycanda SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilib.
Həmin iclasda iştirak edən deputatların 254 nəfəri SSRİ-nin saxlanmasının isə lehinə, 43 deputat isə əleyhinə səs verib. 6 nəfər bitərəf qalıb.
Həmin 43 deputat “istiqlalçı deputatlar” kimi tarixə düşüb.
Bundan əvvəl də Siyavuş Novruzov dəfələrlə bəzi “istiqlalçı deputatlar”a iradını bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?