Hakerlər qrupu hamını noyabrın 5-də başlayacaq inqilaba hazır olmağa çağırdı
Beynəlxalq hakerlər qrupu “Anonimous” bu gün inqilab edəcəyini elan edib.
Virtualaz.org saytı Ukrayna xəbər agentliklərinə istinadən xəbər verir ki, hakerlər internetdə yerləşdirdikləri bəyanatlarında hamını noybarın 5-də “başlayacaq inqilaba hazır olmağa” çağırıb.
Bəyanatda deyilir: “Biz bilirik ki, sən nəyə görə buradasan. Sən fikirləşirsən ki, heç nəyi dəyişə bilməzsən. Fikirləşirsən ki, sənin səsin artıq heç nəyi həll etmir. Sən heç nəyə və heç kimə inanmırsan. Və bu da düzgündür. Ancaq özünə etibar et, amma öz imkanlarının gücünü dərk et. Sən nəhəng qüvvəsən. Biz məğlubedilməz gücük!”
Hakerlər istinadını da bəyanatlarında yerləşdiriblər. Həmin saytda inqilabın başlaması üçün geri sayım yer alır.
“Anonimous” hakerlərinin xəbərdarlığı sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Sosial şəbəkə istifadəçiləri bu ideyanın arxasında nəyin dayandığını və noyabrın 5-də ukraynalıları nəyin gözlədiyini təxmin etməyə çalışırlar.
Qeyd edək ki, bundan əvvəl “Anonimous” Ukraynanın Bakıdakı səfirliyindən minlərlə məxfi sənəd ələ keçirdiyini elan edib. Hakerlər sənədlərdən bir neçəsini artıq yayıb. Hakerlər bildirir ki, onlar “EuroTraceTelcom” adlı telekommunikasiya operatorunun müdafiə sistemini sındıraraq oradan Ukrayna XİN-in serverinə daxil olublar. Bu yolla Bakıdakı Ukrayna səfirliyinin məxfi yazışmaları ələ keçirilib.
Hakerlərin bildirdiyinə görə, onların əllərində Ukrayna hökumətinin illərdir gizlətməyə çalışdığı çoxsaylı məxfi sənədlər var. Həmin sənədlər Ukraynanın Azərbaycanla enerji sahəsində əməkdaşlığını da əhatə edir.
Hakerlər onu da bildirir ki, Ukraynanın Avropa İttifaqı ilə yaxın günlərdə imzalayacağı assosiasiya sazişi ölkə iqtisadiyyatını çökdürəcək. “Anonimous” Ukraynanın “müstəqilliyini və azadlığını” təhdid edən digər dövlət qurumlarının da serverlərinə hücum edəcəyini bildirib.
Xəbər verildiyi kimi, Ukrayna XİN bu haker hücumu ilə bağlı rəsmi açıqlama yayıb. Orada bildirilib ki, hakerlər həqiqətən Bakıdakı səfirliyin ehtiyat elektron poçt yeşiyinə daxil ola biliblər və oradan məxfi qrifi daşımayan bəzi sənədləri ələ keçiriblər. Lakin Ukrayna XİN-in məxfi sənədləri hakerlərin əlinə keçməyib.
Ukrayna ekspertləri isə Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüsdə yaxın günlərdə keçiriləcək kritik sammiti ərəfəsində həyata keçirilən bu haker hücumunun arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığını ehtimal edir. “Anonimous” hakerlərinin xüsusi xidmətlərin nəzarətində olduğuna dair iddialar yeni deyil. İstisna deyil ki, Rusiya kəşfiyyatı Avropa İttifaqı ilə azad ticarət zonası razılaşmasına gedən Ukrayna rəhbərliyini məxfi sənədlərini yaymaqla cəzalandırır.
Bundan əvvəl Litva prezidenti də Rusiyanın ölkə rəhbərliyinə qarşı güclü informasiya təxribatı hazırladığını bəyan etmişdi. Azərbaycanın Şərq Tərəfdaşlığı sammitində hansı səviyyədə iştirak edəcəyi hələ məlum deyil.
Sorğu
Yeni dizaynımız necədir?