Gürcüstanın keçmiş prezidentinin “The New York Times”a açıqlamasından: “İndi o, əmindir ki, heç kim buna qarşı heç nə etməyəcək...”
Gürcüstanın səlahiyyətləri dünən başa çatan və həbs təhlükəsi qarşısında mühacirətə gedən keçmiş prezident Mixail Saakaşvili Rusiyanın Azərbaycandakı hakimiyyət dəyişikliyi planını yenidən gündəmə gətirib.
Virtualaz.org saytının xəbərinə görə, Saakaşvili səlahiyyət müddətinin başa çatmasına bir neçə gün qalmış “The New York Times” qəzetinin əməkdaşı ilə söhbətində deyib ki, ABŞ administrasiyası Suriyaya hərbi müdaxilə fikrindən daşınmaqla Rusiya prezidenti Vladimir Putin qarşısında öz zəifliyini nümayiş etdirdi.
“Əgər Amerika Suriyada hətta məhdud əməliyyat da keçirsəydi, Putin riskə gedərdi. İndi o demək olar əmindir, yaxud tam əmindir ki, nə etsə də - Gürcüstandan keçən boru kəmərini kəssə, Tiflisi işğal etsə, Azərbaycan rəhbərliyini devirsə də heç kim buna qarşı bir-iki səs-küylü bəyanat verməkdən və pisləməkdən başqa heç nə etməyəcək” - deyə Saakaşvili bildirib.
Xatırladaq ki, Saakaşvili Azərbaycandakı prezident seçkilərindən bir neçə ay əvvəl Bakıda səfərdə olub və geri qayıdandan sonra Tiflisdə jurnalistlərə Rusiyanın Bakıda hakimiyyəti dəyişdirmək planları haqda danışıb.
Saakaşvili o vaxt bildirmişdi ki, Rusiya Azərbaycanda da Gürcüstan ssenarisi üzrə hakimiyyət dəyişikliyi hazırlayıb, bu məqsədlə “LUKoil” prezidenti Vahid Ələkbərovu və “Borçalıdan olan hansısa Söyün Sadıqovu” işə qoşub.
Keçmiş prezident ABŞ-ın real dəstəyini hiss etmədiklərinə görə şikayətlənərək deyib ki, Vaşinqtondakı dostlar onları tərifləməkdən uzağa getmir: “Deyirlər ki, siz əla uşaqlarsınız. Siz bizim xoşumuza gəlirsiniz, demokratiya əla keçid etdiniz, hakimiyyəti dinc şəkildə ötürdünüz və s. Ancaq görürlərmi ki, bizim başqa qayğılarımız xirtdəyə qədərdir?! Deyirlər ki, bizi sizin tərəfinizdəyik, ancaq nə edə bilərik...”
Qəzet yazır ki, yeni prezident Giorgi Marqvelaşvilinin inauqurasiya mərasimi ABŞ-ın Cənubi Qafqazdan çəkildiyini bir daha sübut edir. Mərasimə nə Obama administrasiyasından, nə də Konqresdən heç kim qatılmayıb. ABŞ-ın adından USAİD rəhbəri Raciv Şahın başçılığı ilə heç kimin tanımadığı bir-iki məmur gözə dəyib.
Saakaşvili bildirib ki, həbs təhlükəsi olduğuna görə Gürcüstana qayıtmayacaq: “Yeni baş nazir məni ya həbsxanada, ya da mühacirətdə görmək istəyir. Mən öz ölkəmdə azad olmaq hüququ uğrunda mübarizə aparmağa çalışıram”.
Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri gününün axşamı səsvermənin ilkin nəticələrinin məlum olmasının ardınca Saakaşvili Tiflisi tərk edib və Avropa İttiafqı ilə “işgüzar danışıqlar” üçün Brüsselə yola düşüb. Həmin vaxtdan o, Gürcüstana geri qayıtmayıb.
Saakaşvili yaydığı bəyanatda bildirib ki, bəzi nüfuzlu institutlardan onun adına elmi mərkəzin yaradılması və bu mərkəzə rəhbərlik etməsi barədə təklif alıb. Keçmiş prezident bir müddət siyasətə qarışmayacağını və bu fəaliyyətlə məşğul olacağını deyib.
Sorğu
Yeni dizaynımız necədir?