Müsavat Partiyası növbəti qurultayını keçirməyi planlaşdırır. Nə zaman keçiriləcəyi məlum olmayan qurultayda partiyanın indiki başqanı İsa Qəmbəri əvəzləyəcək şəxsin müəyyən ediləcəyi gözlənilir.
Artıq üç dəfə başqanlıq kürsüsündə əyləşən İsa Qəmbəri kimin əvəz edəcəyi ictimaiyyət tərəfindən də maraqla izlənir.
Virtualaz.org xəbər verir ki, başqanlığa iddialı şəxslər arasında daha çox Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslının adları hallanır. Onların içərisində ən gənci – Müsavatın Divan üzvü Tural Abbaslı “Bizimyol”a müsahibəsində iddialı olduğunu özü də təsdiq edib.
Onun sözlərinə görə, namizədliyinin irəli sürülməsi partiyada ona yaxın olan gənclərin təşəbbüsüdür: “Hələ həbs olunmazdan əvvəl bu məsələlər öz aramızda müzakirə olunurdu. Düzdür, adım namizəd kimi hallansa da, qəti qərar verilməyib. Çünki qurultayın tarixi də bilinmir və tədbirlə bağlı məsələlər tam aydınlaşmayıb. Bununla belə, mən İsa bəyin başqanlıqdan bu tezliklə getməsini istəmirəm. Düşünürəm ki, İsa bəyin bu gün gördüyü işi əvəzləyə biləcək namizəd yoxdur”.
T.Abbaslı qurultayda yalnız İsa Qəmbərin namizədliyini verməyəcəyi halda öz namizədliyini irəli sürəcəyini bildirib: “Məsləhət bilinsə, niyə də özümü başqanlığa namizədliyə hazır hiss etməyim?! Artıq mənim 31 yaşım var, Avropa dövlətləri və qonşu Gürcüstanı götürsək, bu ölkənin baş naziri mənimlə yaşıddır. 2000-ci ildən partiyanın üzvüyəm, ondan əvvəl də müsavatçı ailəsi olmuşuq. Bu mənada özümü başqanlığa namizəd olaraq hazır hiss edirəm”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?