Türk iş adamı Bayram Öztürkün Bəylər Əyyubova etdiyi müraciətlər niyə cavabsız qalır?
Ölkə iqtisadiyyatının bütün sahələrində hökm sürən monopoliya, məmur özbaşınalığı müasir Azərbaycanın acı gerçəkləridir. Heç kimə sirr deyil ki, ayrı-ayrı sahələr ya bilavasitə hansısa məmurun, ya da onların himayə etdiyi şəxslərin nəzarətindədir. Məhz bu səbəbdən də bazar iqtisadiyyatının təməl prinsipi olan azad rəqabət şəraiti pozulur, konkret məmur oliqarxlar iqtisadi sektorun söz sahiblərinə çevrilirlər. Hamıya bəllidir ki, bu gün Azərbaycanda güclü “krişa”sı olmadan sahibkarlıqla, bizneslə məşğul olmaq qeyri-mümkündür. Odur ki, irili-xırdalı bütün şirkətlər özünü qorumaq üçün iri məmurların və ya onların yaxınlarının qanadı altına sığınmağa məcbur olurlar. Təbii ki, belələri himayəçilərinin dəstəyi ilə istənilən qanunsuzluğu edirlər. Yuxarı dairələridən himayə olunan belə iş adamlarını qanunsuz əməlləri, vergidən yayınma halları tez-tez ölkə gündəminin əsas müzakirə məsələləri olur. Amma, bu gün qanunlar təəssüf ki, himayəsizlər, kasıblar üçün keçərlidir. Qısası belədə “şahlar” üçün qanun şah deyildir. Artıq uzun müddətdir ki, ölkəmizdə hüquqları pozulan, göstərdiyi çabalara rəğmən haqqını bərpa edə bilməyən türkiyəli iş adamı Bayram Öztürk də məhz, belə qanunsuz əməllərin nəticəsindən əziyyət çəkir, 3 ilə yaxın müddətdə yerli iş adamı Əfqan Qasımovdan 326 min dollar borcunu ala bilməyən Bayram Öztürkün bütün müraciətləri cavabsız qalır. Çünki, bu borc qalmaqalında “AND” firmasının direktoru Ə.Qasımov Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbəri Bəylər Əyyubovun yaxın adamlarının adını hallandırır. Türk iş adamı B.Öztürk isə dəfələrlə şəxsən B.Əyyubova və digər qalmaqalda adı hallandırılan şəxslərə müraciət etsə də, heç bir nəticə əldə olunmamışdır. B.Öztürk 5 may 2011-ci ildə müqavilə əsasında özünə məxsus olan Samux rayonunda yerləşən “Çini San LTD” MMM və ona tabe olan zavodu “AND” Firmasının direktoru Ə.Qasımova satmışdır. Ə.Qasımov bankdan kredit götürərək ödəməli olacağı 326 min dollar qaytaracağını vəd edərək notariat qaydada şirkətin idarəçilik hüququnu B.Öztürkdən dövr almışdır. Lakin xeyli müddət keçdikdən sonra borc ödənilmədiyi üçün B.Öztürk idarəçilik hüququnun Ə.Qasımova verildiyini təsdiq edən notarius sənədini ləğv etmişdir. Amma, notarius birtərəfli qaydada yenidən bu hüququ Ə.Qasımova verərək böyük bir qanunsuzluğa, cinayətə imza atmışdır. Ötən 3 il müddətdə B.Öztürk Əfqan Qasımova dəfələrlə borcun ödənilməsi tələbi ilə müraciət etsə də, qarşı tərəfdən hədə-qorxuya və təhdidlərə məruz qalmışdır. Səbəb isə yuxarıda qeyd etdiyimiz kimi, Ə.Qasımovun ölkənin nüfuzlu şəxslərindən və səlahiyyət sahiblərindən olan B.Əyyubovun yaxın adamlarının adını hallandıraraq onlara güvənməsidir. Maraqlıdır ki, borc qalmaqalı mətbuatda ilk işıqlandırılandan sonra adı hallandırılan Hancan adlı şəxs Bayram Öztürklə əlaqə saxlayaraq məsələnin tezliklə həll olunacağını vəd etsə də, heç bir irəliləyiş olmamışdır. Əksinə, artıq B.Öztürkün müraciətləri, zəngləri belə cavablandırılmır. Belə qənaətə gəlmək olar ki, Əfqan Qasımovu belə arxayın edən gözəgörünməz qüvvələr problemin həllində maraqlı deyillər. Əks təqdirdə mətbuatda borc qalmaqalı ilə bağlı davamlı yazılarımıza, şəxsən hər hansı bir reaksiya verilərdi. İşin qaranlıq tərəfi odur ki, ya hansısa qüvvələr bu müraciətlərin ünvanına çatmasına mane olur, ya da həqiqətən Əfqan Qasımovu himayə edənlər borcun qaytarılmamasında israrlıdırlar. Lakin, Bayram Öztürk öz hüquqlarını bərpa etmək ümidi ilə ölkə başçısına, H.Əliyev Fondunun Prezidenti M.Əliyevaya müraciətlər ünvanlamışdır. Dövlət başçısı öz çıxışlarında bütün iş adamlarına bərabər şəraitin yaradılmasını, özəl sektora məmur müdaxilələrinin yolverilməzliyini vurğulasa da, bəziləri üçün görünür ki, bu tələblər qəbuledilməzdir. Öz vəzifə səlahiyyətlərini şəxsi maraqlarına xidmət etdirən məmur oliqarxlar və onların himayə etdiyi iş adamları qanunlara məhəl qoymadan fəaliyyət göstərməkdədirlər. Borc qalmaqalı tərəfimizdən davamlı olaraq işıqlandırılmaqdadır. Lakin, qarşı tərəfin susqunluğu davam etməkdədir. Ölkənin işgüzar imicinə zərbə olan bir fakta bu qədər etinasızlıq sübut edir ki, Əfqan Qasımovu müdafiə edən qüvvələr üçün qanunlar qüvvədə deyildir. “Bir millət, iki dövlət” deyərək qürurlandığımız qardaş ölkənin təmsilçisinə qarşı bu qanunsuzluq nə qədər məntiqə uyğundur? İnanmaq istərdik ki, problem tezliklə həll olunaraq, Bayram Öztürkün pozulmuş hüquqları bərpa oluncaqdır. Məsələni daima diqqətimizdə saxlayacağıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?