Türk iş adamı Bayram Öztürkün borc qalmaqalında Bəylər Əyyubovun yaxın adamının adı hallanır.
Bu gün prezident ölkə iqtisadiyyatının güclənməsi naminə xarici investisiyaların cəlb olunmasının vacibliyini öz çıxışlarında dəfələrlə qeyd edir. Lakin bir çox məmur olqarxlar və onların himayə etdiyi işbazlar müxtəlif vasitələrlə xarici iş adamlarına qarşı maneələr yaradır, onların ölkə bazarlarından sıxışdırılıb çıxarılmasına çalışırlar. Bu heç də yerli biznesin çiçəklənməsinə yox, bütün sahələrin ayrı-ayrı şəxslərin əlində cəmlənməsinə şərait yaradır və son nəticədə ölkənin beynəlxalq imicinə zərbə vurur, ölkə iqtisadiyyatı tamamilə məmur-oliqarxların nəzarətindədir və onlar öz mənafelərinə sərf etməyən kənar iş adamlarını həmişə sıxışdırmış, onlara məxsus müəssisə və şirkətləri ələ keçirmişlər. Odur ki, bu gün Azərbaycanda bazar iqtisadiyyatının əsas atributu olan azad rəqabət mühiti mövcud deyildir. Bütün sahələri oliqarxiyasına alan məmurların sayəsində Azərbaycan bütün qonşu ölkələrə nisbətən ən bahalıq ölkəyə çevrilmişdir. Azərbaycanda fəaliyyət göstərən xarici iş adamalarının üzləşdiyi çətinliklər, onlara yaradılan süni maneələr barədə ölkə mətbuatında çox yazılmışıdır. Ölkəmizdə iş qurmasına peşman edilən belə şəxslərdən biri də türkiyəli iş adamı Bayram Öztürkdür. Belə ki, o, Samux rayonunda yerləşən “Çini San LTD” MMM və ona tabe olan zavodu “AND” Firmasının direktoru Qasımov Əfqan Atdıxan oğluna 5 may 2011-ci il tarixində imzalanmış müqavilə əsasında satmışdır. Müqavilə əsasında Qasımov Əfqan Bayram Öztürkə 900 min dollar ödəməli olduğu halda artıq ik il keçməsinə baxmayaraq, 326 min dollar borcu ödəməkdən imtina edir. Bayram Öztürk ona çatacaq vəsaiti tələb etsə də, qarşı tərəfdən hədələnir, ölümlə təhdid olunur. Aldığımız məlumatlara görə, borcu ödəməkdən imtina edən “AND” firmasının direktoru bu məsələdə Prezidentin Təhlükəsizlik Xidmətinin generalı Bəylər Əyyubovun yaxın adamı Hacı Novruz adlı şəxsə güvənir. Bunun həqiqət, yoxsa türk iş adamını qorxutmaq üçün atılan bir addım olduğunu araşdırdıq. Bu barədə “AND” firmasının direktoru Hacı Əfqanla əlaqə saxlayıb mövqeyini öyrənməyə cəhd etsək də, o, müxtəlif bəhanələrlə bizimlə danışmaqdan imtina etdi. Təəccüb doğuran odur ki, Hacı adını daşıyan Əfqan Qasımov türk iş adamına olan borcunu ödəməmək üçün ölkənin mühüm postlarından birinin sahibinin adını hallandırmaqla nəyə nail olmaq istəyir? Dövlət başçısı xarici iş adamlarına şəraitin yaradılması haqqında dəfələrlə göstəriş versə də, belə bir faktın mövcudluğu və bu işdə prezidentə yaxın şəxsin adının hallanması bilavasitə dövlət siyasətinə zərbə hesab olunmalıdır. Məhz belə əməllərin nəticəsidir ki, artıq dünyanın bir çox aparıcı şirkətləri Azərbaycana investisiya yatırmaqdan imtina edirlər. Bunun əsas səbəbi isə törətdiyi əməllərin cəzasız qalacağından əmin olan şəxslərin arxayınlığıdır. Təsadüfi deyil ki, belə şəxslər çox vaxt belə faktları yüksək dövlət məmurlarının adı ilə pərdələyirlər. Bu isə bilavasitə dövlətin imicinə zərbədir. Türkiyəli iş adamı Bayram Öztürk artıq iki ildir ki, süründürməçiliklə, ölümə təhdidlə üz-üzə qalmışdır. O, bu məsələ ilə əlaqədar ölkə KİV-lərinin iştirakı ilə mətbuat konfransı keçirmək niyyətindəditr. Bu isə nə qədər Azərbaycanın seçkiqabağı siyasi və iqtisadi imicinə uyğundur, yəqin ki,bu işə məsuliyyət daşıyanlar fikrləşsələr yaxşı olar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?