“İstəmirik ki, müxalifət daxilində nə danışdığını bilməyən bəzi adamlara görə qarşıdurma olsun. Enerjini belə şeylərə sərf etməyə lüzum görmürük. Biz hakimiyyətlə mübarizə aparırıq. Müsavat Partiyasına qarşı həyasızcasına atılmış böhtanlara baxmayaraq, partiya bu qərar qəbul etdi”.
Bunu Modern.az-a Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı deyib. O, Müsavatın ittihamlara birtərəfli qaydada moratorium qoyulması haqqında qərarından danışarkən deyib ki, partiyanın bu addımı demokratik qüvvələrin maraqlarına xidmət edir:
“Dostlarımız ağıllarını başlarına yığsınlar, o zaman görəcəklər ki, enerjini belə şeylərə sərf etmək doğru deyil. Onlar söz düzüb-qoşmaq qabiliyyətlərini hakimiyyət əleyhinə istifadə etsələr, daha faydalı olar. Müsavata olunan hücumlar Milli Şura ilə bağlı deyil. Milli Şura, sadəcə, bəhanə oldu. Əvvəlcədən bəlli idi ki, Müsavat Milli Şuradan ayrılmaq fikri var. Dəfələrlə demişdik ki, Milli Şura missiyasını başa vurmuş qurumdur. Daxilində Müsavata qısqanclıqla yanaşan qüvvələrə Milli Şura bəhanə oldu və hücuma başladılar. Partiyanın şər və böhtanlara cavab verməməklə bağlı qərarı var. Amma hamımız insanıq, şəxsən öz adımdan deyirəm, bilmirəm, moratoriuma əməl edəcəyəm, ya yox. Səbrin də sərhədi olur, həyasızlıq qarşısında susmaya bilərəm”.
T. Abbaslı qeyd edib ki, Müsavatın cavab verə bilməyəcəyi sual yoxdur: “Məsələləri hərə öz arşını ilə ölçür. Kim nəyə öyrəşibsə, o cür də təhlil edir. Partiya atdığı addımların arxasında durur. Həmin o qərar qəbul olunana qədər istər sosial şəbəkələrdə, istərsə də mətbuatda Müsavata qarşı olan absurd fikirlərə tutarlı cavablar verilib. Hərə öz tərbiyəsinə uyğun addım atır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?