AFFA alman baş məşqçini “Qəbələ”yə rəhbərlik edən Yuri Syominlə əvəzləməyə hazırlaşır Hazırda “Qəbələ” futbol klubuna rəhbərlik edən məşhur rusiyalı məşqçi Yuri Syomin futbol üzrə Azərbaycan milli komandasının baş məşqçiliyinə gətirilir. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti yazıb.
Qəzetin yazdığına görə, AFFA hazırda almaniyalı baş məşqçi Berti Foqtsun yerinə Y.Syominin namizədliyini nəzərdən keçirir. Foqsun müqaviləsinin müddəti bu ilin sonunda başa çatır. Bildirilir ki, onun yerinə əsas namizədlərdən biri artıq yerli futbolun spesifikasını mənimsəmiş 66 yaşlı Y.Syomindir.
Kiyev “Dinamo”sunun, Moskva “Lokomotiv”inin və Rusiya yığmasının keçmiş baş məşqçisi olan Y.Syomin qəzetə açıqlamasında bu informasiyanı şərh etmək istəməyib. Lakin qeyd edib ki, Azərbaycanda işləməkdən məmnundur.
“Hazırda mən tamamilə “Qəbələ”dəki işimə diqqəti yönəltmişəm. İnfrastruktur və maliyyə yatırımları baxımından futbol yaxşı səviyyədədir. Bura bir çox tanınmış futbolçuları və adlı-sanlı məşqçiləri gətirirlər. Hesab edirəm ki, Rusiya və Ukraynadan sonra Azərbaycan birinciliyi keçmiş sovet məkanında üçüncü yerdədir” - deyə Syomin bildirib.
Y.Syominin rəsmi təmsilçisi Dmitri Selyuk isə qəzetə açıqlamasında deyib ki, AFFA rəhbərliyinin seçimi tamamilə haqlıdır.
“AFFA rəhbərliyinin Syominin namizədliyini nəzərdən keçirməsində təəccüblü heç nə yoxdur. Syominə haqq etdiyini vermək lazımdır. O, əvvəllər turnir cədvəlinin aşağılarında yer alan “Qəbələ”nin yaxşı nəticələr göstərməsinə nail olub. Syominin rəhbərliyi ilə komanda artıq çempionluğa iddia edir. Yuri Pavloviç sübut etdi ki, o, “vurulmuş təyyarəçi” deyil” - deyə D.Selyuk “İzvestiya”ya açıqlamasında bildirib.
Qeyd edək ki, Syomin “Qəbələ”yə bu mövsümün əvvəlindən rəhbərlik edir. Onun rəhbərliyi altında komanda turnir cədvəlində ikinci pilləyə qalxıb və lider olan “Qarabağ”dan cəmi 1 xal geri qalır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?