"Bakı gözəl şəhərdir və hesab edirəm ki, "Formula 1" yarışının Bakıda keçirilməsi şəhərə daha çox turist cəlb edəcək".
gundemxeber.az bildirir ki, bunu Trend-ə Bakıda "Formula 1" yarışmasını izləyən şotlandiyalı Devid Kembl deyib.
Qonaq qeyd edib ki, bu cür beynəlxalq yarışlar ölkələri dünyada daha yaxşı tanıdır: "Bu baxımdan "Formula 1" yarışının Bakıda keçirilməsi Azərbaycanın dünyada daha yaxşı tanınmasına şərait yaradacaq".
D.Kembl, həmçinin Bakının təhlükəsiz şəhər olduğunu bildirib. Qeyd edək ki, bu gün Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran Prisi yarışlarına start verilib.
Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?