Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo üzrə yarışlar davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvü Elmar Qasımov da mötəbər turnirə start verib.
100 kq çəki dərəcəsində çıxış edəcək təmsilçimiz Olimpiadaya 1/16 final mərhələsindən başlayıb. Təmsilçimizin ilk rəqibi Taqir Xaybullayev olub. Elmar Olimpiya çempionuna heç bir şans verməyib. O, rəqibinə vazari və yuka xalları ilə qalib gəlib. Rusiya şidoda da "üstün" olub.
Həmyerlimiz 1/8 finalda əlcəzairli Lyes Bouyakubla üz-üzə gəlib. Görüşdə hər iki idmançı bir vazari xalı qazansa da, Elmarın şidosunun rəqibindən az olması (1:2) ona qələbə gətirib.
Təmsilçimiz 1/4 finala yüksəlib. Ona yarımfinala çıxmaq üçün misirli idmançı Dərviş Ramazandan üstün olmağa cəmi 54 saniyə bəs edib. İpponla qələbə qazanan Elmar finalın biraddımlığındadır.
Təmsilçimizin final yolundakı rəqibi ukraynalı Artyom Bloşenko olacaq. Görüş Bakı vaxtı ilə 23:12-də start götürəcək.
Qeyd edək ki, Azərbaycan Rioda 6 cüdoçu ilə təmsil olunur. Rüstəm Orucov (73 kq) ölkəmizə gümüş medal qazandırdığı halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) yarışı medalsız başa vurub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?