Dünya futbolunun tarixində alman Gerd Müller bir ildə ən çox qol vurmuş futbolçu sayılırdı
O, 1972-ci ildə 85 qol vurmuşdu. Bir qədər öncə isə İspaniyanın "Barselona" klubunun argentinalı forvardı Lionel Messi klubun və Argentina yığmasının heyətində il ərzində vurduğu qolların sayını 86-ya çatdıraraq Müllerin rekordunu təzələmişdi. Messi indi dünya rekordçusu sayılır. Lakin belə deyil. Əslində il ərzində vurulmuş qolların sayına görə dünya rekordçusu Qodfri Çitaludur. 1947-ci ilin oktyabrın 22-də Zambiyanın Luanşya şəhərində doğulan, 1993-cü ilin aprelin 27-də təyyarə qəzasında həlak olan "Uçar" ləqəbli Çitalu 1972-ci ildə dünya futbolunun tarixində rekorda nail olmuşdu. O, Zambiyanın "Kabve Uorriors" klubunun heyətində həmin il ərzində 107 qol vurmuşdu. Fəqət FİFA "Uçar"ın bu rekordunu qeydə alaraq rəsmiləşdirməmişdi. AS bildirir ki, Çitalu bu uğura "Kabve Uorriors"un heyətində Zambiyanın ölkə çempionatı, ölkə yığmasının matçları, Zambiya Kuboku və Afrika Kubokunun oyunlarındakı fenomenal oyunu ilə nail olmuşdu. Afrika Futbol Federasiyası (CAF) FİFA-ya rəsmi müraciət edərək Çitalunun rekordunun qeydə alınmasını tələb etmək niyyətindədir. Zambiya Futbol Federasiyası da dünəndən etibarən FİFA ilə müzakirələrə başlayaraq il ərzində ən çox qol vurmuş futbolçu qismində məhz "Uçar" ləqəbli Qodfri Çitalunun tanınmasını və rəsmən qeydə alınmasını tələb etməyə hazırlaşır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?