Uruqvay millisinin İtaliya kökənli hücumçusu Edinson Kavaninin futbola gəlişi, ailəsi və qadınları haqda...
Rusiyada finişə yaxınlaşan futbol üzrə dünya çempionatında ən yaxşı oyunçulardan biri, bəlkə də birincisi Uruqvay yığmasının hücumçusu Edinson Kavanidir. 1\8 qarşılaşmasında Portuqaliyanın qapısına iki top vuraraq (çempionatda 4 qol vurub) komandasını növbəti mərhələyə çıxaran ulduz futbolçu haqda yazını diqqətinizə çatdırırıq.
Əsl adı Edinson Roberto Kavani Qomesdir. Xarici görünüşündən hindulara oxşasa da, əslində kökəncə italiyalıdır. Ata babası İtaliyanın məşhur Siciliya adasındandır. 1920-ci ildə Argentinaya miqrasiya ediblər, oradan isə Uruqvaya köçüblər. Edinsonun atası da bu ölkədə doğulub. Atası Luis də yaxşı futbol oynayıb və milli komandanın üzvü də olub. Eləcə də qardaşı Kristian da mili komandanın müdafiə xəttində oynayıb.
Edinson 1987-ci ilin 14 fevralında (bu tarixi yaxşı yadda saxlayın) paytaxt Montevideodan sonra ikinci ən böyük şəhər olan Saltoda doğulub. Onun futbolda kumiri argentinalı forvard Qabriel Batistuta olub. Onun topla oynamaq bacarığı paytaxt klublarının dərhal diqqətini çəkir. Artıq 12 yaşı olanda paytaxt Montevideonun bir sıra klubları onu heyətlərinə cəlb etmək istəyirdilər. Amma atası Edinsonu seçim etməkdə tələsməməyi məsləhət bilirdi. Saltonun “Nasional” və “Remeros” klublarında bir müddət oynadıqdan sonra o, daha bir kluba keçir. 2000-ci ildə o, “Danubio” klubunun gənclərdən ibarət komandasında oynamağa qərar verir. Bu klubda təxminən 6 il oynayır. 2006-cı ildə isə o, artıq “Atirbiro”da debüt edir və klubda çempionluğu bayram edir.
2007-ci ildə onu Uruqvayın gənclərdən ibarət komandasında Cənubi Amerika çempionatında oynamağa dəvət edirlər. Edinsonun milli komandada ilk debütü uğurlu olur. O, Uruqvay gənclərinin heyətində 9 dəfə meydana çıxır və 7 top vuraraq ən məhsuldar oyunçu olur, milli komanda isə turnirdə 3-cü yeri tutur.
2007-ci ildə İtaliyanın “Palermo” klubu ona imtina edə bilməyəcəyi müqavilə təklif edir. 2007-ci ilin 11 martında o, “Palermo”nun heyətində yaddaqalan debüt edir. “Fiorentina”qarşı oyunun 55-ci dəqiqəsində meydana buraxılan Edinson Kavani qol vurur.
2008-ci ildə isə onu milli komandaya dəvət edirlər. Kolumbiyaya qarşı oyuna çıxan hücumçu ilk qol hesabını açır. 2010-cu ildə o, “Palermo” nu tərk etməyə qərar verib. Edinson Kavani bu dəfə “Çelsi” və ya “Yuventus”un heyətində qatılmaq istəyir. Amma bundan bir qədər əvvəl “Palermo” ilə müqaviləni uzatdığı üçün transfer xeyli problemli görünürdü. Çünki “Palermo” futbolçuya 1 il üçün 1 milyon avro ödədiyi halda, müqavilənin pozulacağı halda, kluba 25 milyon avro ödənilməli idi. Edinsonun transferini gerçəkləşdirmək istəyən klublar isə...sıraya düzəlmişdi. Məsələn,"Mançestr Siti" onun transferi üçün 19 milyon ödəməyə hazır olduğunu demişdi. Amma Kavani nəhayətdə, “Napoli” də 5 milyon avroya icarə şərti ilə oynamağa qərar verir.
2012-cu ildə “Arsenal”ın o zamankı baş məşqçisi Arsen Venger Kavanini transfer etmək istəyir. Venger bu transfer üçün 30 milyon avrodan keçməyə hazır olur. Amma 2013-cü ilin iyulunda Kavani Fransanın “PSJ” klubu ilə 5 illik müqavilə bağlayır. Bu transfer Fransa klubuna 35 milyon avroya başa gəlir.
Zltan İbrahimoviçin də heyətində olduğu “PSJ” də Kavani tezliklə əsas oyunçulardan biri olur. Amma o, nə qədər çalışsa da, Zlatan kimi təcrübəli oyunçunun kölgəsindən çıxa bilmir. 2016-cı ildə Zlatan “Mançestr Yunayted”ə transfer edilir. Bundan sonra isə Kavani “PSJ” də əsas heyətdə möhkəmlənir və hücum xəttinin əsas oyunçusu olur. 2017-2018-ci il mövsümündə Kavani “PSJ” tarixində ən məhsuldar oyunçu olur.
14 fevralda-Müqəddəs Valentin günündə anadan olan italiyalı kökənli Kavani haqda “çapqın” demək olar. Məşhurların özəl həyatından yazmağı daha çox xoşlayan İtaliya mətbuatı azarkeşlərin “Matador” ləqəbi verdiyi Kavani haqda yazmağı xoşlayır. Çünki o, təkcə yaxşı futbolçu deyil, həm də “ürək yeyən” biridir ki, bunu 14 fevralda doğulması ilə də əlaqələndirirlər.
Bəzi mənbələr onun həyat yoldaşı Mariya Soledadla ilə 2005-ci ildə tanış olduğunu yazır. Amma həqiqətdə Mariya onun uşaqlıq sevgisi olub və məşhurlaşdıqdan sonra o, arzusunu gerçəkləşdirib. Kavani 2007-ci ildə onunla münasibətlərin rəsmiləşdirib. İlk oğlu Bautista 2011-ci ildə dünyaya gəlib. İlk baxışdan onların həyatında hər şey qaydasında davam edirdi. 2013-cü ildə isə onların daha bir oğlu olacağı məlum olur. Maraqlıdır ki, məhz xanımı hamilə olduğu ərəfədə Kavani boşanacağını bəyan edir. Onun dediklərindən belə məlum olur ki, son vaxtlar münasibətləri alınmır, evlilik isə yalnız kağız üzərindədir. “Boşanmaq asan qərar deyil. Mariya indi Uruqvaya qayıdacaq və oğlumuz vətəndə dünyaya gələcək. Amma biz münasibətlərimizi davam etdirə bilməyəcəyik” deyə, futbolçu bəyan edir. Mariya bir müddət sonra o günləri həyatının şoku adlandırır. “Təsəvvür edin ki, Lukas dünyaya gələndən bir neçə gün sonra o, bizi tərk etdi. Deyirdi ki, Lukasın Uruqvayda doğulmasının üstünlükləri var, üstəlik, İtaliya mətbuatı onları rahat buraxmır. O, bizi Uruqvayda qoyub geri qayıtdı ki, özü sərbəst istədiyi ilə yaşasın. Mən uşaqları ondan ayırmaq istəmirdim. Amma xanımına xəyanət etmiş birini yanımda görmək də istəmirdim” deyə, o bildirib.
2013-cü ildə isə cütlük boşanmağa qərar verir. Məhkəmə qərarı ilə boşanandan sonra Kavani ayda uşaqlarına və keçmiş arvadına aylıq 25 min avro ödəyir.
Kavani boşandıqdan sonra italiyalı Mariyo Rozaryu ilə evlənəcəyi haqda xəbərlər çıxmağa başlayır. İddia olunur ki, Kavaninin ailəsindən ayrılmasına bu gənc xanım səbəb olub və futbolçu onunla nikaha girəcək. Amma Kavani ticarət mərkəzlərinin birində satıcı işləyən bu xanımla tezliklə münasibətlərinə son qoyur. Kavani artıq bir müddətdir ki, Coselin Burqartla bir yerdədir. Coselin Uruqvayda samba rəqsi oynamaqda məşhurdur. Rusiyadakı dünya çempionatında da Kavani onunla birgə gəlib.
Əgər futbol onun peşəkar işidirsə, Kavaninin əsl hobbisi ovçuluqdur. Vaxtilə atası onu Uruqvay dağlarında qaban ovlamağa apararmış və bu hobbi ona atasından keçib. Atası deyir ki, balaca Edinsonu yük maşını ilə özü ilə balıq tutmağa yaşadıqları evdən bir neçə kilometr uzaqda yerləşən gölə aparmış. Orada varlıların qayıqlarına baxan 12 yaşlı Edinson atasına deyərmiş: «Mən məşhur futbolçu olacağam. O zaman sənə ən böyük yük maşını və belə böyük qayıq alacam». «Mən isə gülərdim. İndi doğrudan da mənim ölkədə ən böyük yük maşınım və ən böyük qayığım var"-deyə, atası mətbuata bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?