Bu dəqiqələrdə nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı, “Baghlan Group” şirkətlər qrupunun sahibi, “Hafka” kimi tanınan milyarder Hafiz Məmmədovla bağlı daha bir komik video yayılıb.
Virtualaz.org saytı Fransanın “France 3” telekanalına istinadən xəbər verir ki, bu ölkənin “Lans” futbol klubunun nəzarət səhm paketini alan H.Məmmədovun komandanın oyununa baxmaq üçün Parisə ilk səfəri ilə bağlı hazırlanmış “şəxsiyyətə pərəstiş üslubunda” videorolikin əks-sədası çəkilməmiş klub azərbaycanlı milyarderi bu dəfə ad günü ilə bağlı təbrik etmək qərarına gəlib.
Telekanal bildirir ki, H.Məmmədovun ad günü münasibətilə onu təbrik etmək üçün xüsusi videorolik hazırlanıb və yayılıb. Telekanal videorolikin yenə də “təəccüblü” olduğunu və “şəxsiyyətə pərəstiş üslubunda” hazırlandığını bildirir.
Hafiz Məmmədovu təbrik videoroliki iki variantdadır. Onlardan birini iş adamının sahibi olduğu “Bakı” futbol klubu, digərini isə “Lans” klubu hazırlayıb. Birinci videorolikdə “Bakı” klubunun oyunçuları və texniki heyəti musiqi sədaları altında H.Məmmədova ad günü təbriklərini çatdırır. İkinci videorolikdə isə “Lans” klubunun futbolçuları, texniki heyəti eyni musiqi sədaları altında onu təbrik edir.
“France 3” qeyd edir ki, klub bununla onu ağır maliyyə vəziyyətindən çıxaran H.Məmmədova təşəkkürünü çatdırmaq istəyir.
“Lakin təsəvvür etmək çətindir ki, Liqa 1-də, Liqa 2-də, 3-də oynayan hansısa digər klub öz sahibinin ad gününü bu cür təbrik etməyi seçərdi” - deyə telekanal bildirir.
Videorolik üç dildə - ərəb, Azərbaycan və fransız dillərində təqdim edilir və “Ad günün mübarək, Hafiz!” adlanır.
Bu dəfə videorolik həm H.Məmmədovun sahibi olduğu “Bakı” futbol klubunun, həm də “Lans” klubunun saytında yayılıb. Videorolikdən məlum olur ki, bu gün - dekabrın 2-də H.Məmmədovun 49 yaşı tamam olur.
Qeyd edək ki, bu, son günlər H.Məmmədovla bağlı yaranan birinci qalmaqallı vəziyyət deyil. Əvvəlcə iş adamı Fransanın “Canal +” telekanalının əməkdaşlarını 16 min avroluq saatla ələ almağa cəhd edib və Fransa mediasında biabır edilib. Ardınca “Lans” klubu onun Parisə səfərinə həsr edilmiş musiqili video yayıb. İndi isə virtualaz.org “Happy Birthday Hafiz” videoroliklərini və “Bakı” klubunun adından yazılmış təbrik mətnini oxuculara təqdim edir:
***
“Bu gün "Bakı" futbol klubunun prezidenti Hafiz Məcid oğlu Məmmədovun ad günüdür.
"Bakı" futbol klubunun kollektivi bu münasibətlə hamımızın sevimlisi, qayğıkeş vətəndaş, güclü idarəçi və soyuqqanlı insan Hafiz müəllimi təbrik edir, ona möhkəm can sağlığı və daha böyük uğurlar arzulayır.
Hafiz müəllim sadəliyi və hər bir məsələyə diqqətli yanaşması ilə minlərlə həmvətənimizin qəlbini fəth edib. İndi onun fəaliyyəti ölkə sərhədlərini aşaraq qlobal miqyas almaqdadır. Hafiz Məmmədovun amalı “Hər şey Azərbaycanın çiçəklənməsi və inkişafı naminə” şüarı ilə tam uzlaşır. Təsadüfi deyildir ki, dövlət başçısı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini özünəməxsus iradə və sədaqətlə dəstəkləyən Hafiz Məmmədov iş adamları və hər bir azərbaycanlı üçün nümunəyə çevrilib.
Bu gün artıq Azərbaycan futbolunun sədaları Avropadan gəlir. Hafiz Məmmədovun təşəbbüsü və dəstəyi ilə 5 gənc futbolçumuz İspaniyanın "Atletiko" (Madrid) klubunun düşərgəsində uzunmüddətli təlim keçir.
Son aylar ərzində yeniyetmələrdən ibarət 2 komandamız Fransanın "Lans" klubunun bazasında təlim-məşq toplanışında iştirak edib. Bu fəaliyyət artan xətlə davam edir. Hafiz Məmmədov Azərbaycan futbolunun gələcəyinə sərmayə qoymaqla yaxın zamanlarda ölkəmizi ləyaqətlə təmsil edəcək milli futbolçularımızın yetişməsində əvəzsiz rol oynayır.
“Land of Fire Azerbaijan” və Baku-2015 titul reklamları ilə Odlar Yurdunu bütün dünyaya tanıtmaq naminə addımlar atır. Bunlar Hafiz Məmmədovun futbola olan diqqət və qayğısının kiçik epizodlarıdır. Möhtərəm prezident cənab İlham Əliyevin "Azərbaycanda 2005-2015-ci illər ərzində futbolun inkişafı barədə" imzaladığı Dövlət Proqramının uğurla həyata keçirilməsində öncül rolunu oynayan Hafiz müəllim yenilikçi və novator təfəkkürü ilə Azərbaycan bayrağını Avropada dalğalandırır, ölkəmizi və onun gözəl xalqını təbliğedir.
Bunlara görə Hafiz Məmmədova Azərbaycan futolsevərləri, azarkeşlər, milli futbolumuzu sevənlər və dəstəkləyən adından xüsusi təşəkkürümüzü bildiririk.
"Bakı" futbol klubunun prezidenti Hafiz Məcid oğlu Məmmədov 2 dekabr, 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.
2004-cü ilin noyabr ayından etibarən “Bakı” futbol klubunun prezidenti, 2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür. Hafiz Məmmədov eyni zamanda "Baghlan Group FZCO” şirkətinin prezidentidir.
Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır. Ailəlidir 3 övladı var”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?