Ölkənin daxili işlər naziri Arsen Avakov bu barədə məlumat verib
Ukrayna hərbi qüvvələrinin Slovyansk şəhərində terrorçulara qarşı əməliyyatları davam edir. Ölkənin daxili işlər naziri Arsen Avakov hərbiçilərin separatçıların növbəti postuna doğru irəlilədiyini açıqlayıb. Nazirin sözlərinə görə, hazırda Ukrayna əsgərləri növbəti postun bir kilometrliyində mövqe tutublar. Bir qədər əvvəl postlardan birində hərbiçilərlə rusiyayönümlü separatçılar arasında baş vermiş silahlı qarşıdurmalarla əlaqədar şəhərdə vəziyyəti daha da gərginləşib. Daxili işlər nazirliyi qarşıdurmalar zamanı 4 ukraynalı əsgərin öldürülməsi, 30 nəfərin yaralanması faktını təsdiqləyib. Zorakılıqlar fonunda Ukrayna hərbisinə məxsus helikopter də vurulub. Helikopterin vurulmasının həvəskar kadrları yayımlanıb. Məlumata görə, helikopter vurulduqdan sonra çaya düşdüyü üçün ekipaj üzvləri xilas ola bilib. Daxili işlər nazirliyi hökumət qüvvələrinə qarşı təxminən 800 silahlı üsyançının mübarizə apardığını məruzə edib. Gərgin vəziyyətin paytaxt Kiyevə də təsir edə biləcəyi təhlükəsi ilə əlaqədar hərbi qüvvələr şəhərə gedən yolların üzərində postlar qurublar. Donetsk şəhərində isə, şaxtaçılar ruspərəst separatçılara qoşulublar. Şaxtaçılar Donetskdə referendum istəyən və ölkənin federallaşdırılmasına çalışan qüvvələrə dəstək olacaqlarını bildiriblər. Rusiyanın İnterfaks agentliyi Ukrayna hərbi qüvvələri ilə qarşıdurmalardan sonra üsyançıların şəhərin mərkəzinə doğru geri çəkildiyini xəbər verib. Vəziyyətlə əlaqədar rəsmi Moskva Kiyevə rusiyayönümlü vətəndaşlara qarşı güc tədbiqinə son qoyması üçün xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, rəsmi Kiyev hərbi qüvvələri geri çəkməli və böhranlı vəziyyəti aradan qaldırmaq məqsədilə siyasi danışıqlara başlamlıdır. Xəbərdarlıq fonunda Ukraynanın Rusiya ilə sərhədində də vəziyyət gərginləşib. Bu barədə sərhəd nəzarət xidmətinin mətbuat katibi Oleh Slobodyan bəyanat verib. «Sərhəddə vəziyyət gərgindir və daha da pisləşə bilər. Separatçılar tərəfindən sərhədçilərimizə qarşı hədələr daha da artıb. Onlar daxildən nəzarət buraxılış postlarına gedən yolları kəsməklə sərhədçilərlə əlaqəni itirməyə çalışırlar» Müdafiə nazirinin müavini İqor Kabanenko hazırkı vəziyyəti şərh edib. Onun sözlərinə görə, hərbi əməliyyatlara çoxlu sayda könüllü qoşulub. «Düşünürəm ki, könüllülər hərbi qüvvələr əməkdaşlıq çərçivəsində hərəkət edəcəklər. Heç bir təxribata uymayacaqlar» - deyə nazir müavini qeyd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?