“Kalininqrad Xalq Respublikası” elan olundu; Regionlarda “Bəsdir Moskvanı yedirtdik!” aksiyaları təyin edildi
Rusiyanın Ukraynada qızışdırdığı bölücülük siyasəti deyəsən, onun öz içinə sıçramaqdadır. Sosial şəbəkələrdə Novosibrsk, Kalininqrad və Uralda Moskvaya qarşı etiraz yürüşlərinin təşkil olunacağı haqda çağırışlar yayılıb. Etiraz yürüşləri avqustun 17-də “Bəsdir Moskvanı yedirtdik!” şüarı ilə keçiriləcək.
Maraqlısı budur ki, Kalininqrad və Uralda aksiyalarla bağlı elanlarda həmin coğrafiyalar müstəqil subyekt kimi və yeni adda göstərilib – “Kalininqrad Xalq Respublikası” və “Ural Respublikası”. Kalininqradın elanı üstəlik Litva bayrağının fonunda verilib. Rusiyanın müxalifət liderlərindən Boris Nemtsov bunu Putin hakimiyyətinin yürütdüyü siyasətin məntiqi nəticəsi kimi qiymətləndirib. Nemtsov bu çağırışlarla bağlı özünün facebook səhifəsində yazır:
“Bu, həm Ukraynanın şərqində separatçıların dəstəklənməsinə, həm də icra hakimiyyətinin möhkəmləndirilməsi məqsədi ilə regionların maliyyə baxımından qarət olunmasına verilən reaksiyadır. Rusiyanı qorumaq üçün Donbasdakı separatçılara verilən dəstək dərhal dayandırılmalı və Rusiyanın regionlarının maliyyə müstəqilliyinə nail olunmalıdır. Böyük bir ölkəni yalnız Moskvadan idarə etmək olmaz. Bu fikri başa düşmək Kreml üçün asan olmayacaq. Tatarıstanda, Başqırdıstanda etirazlar başlayan zaman isə artıq gec olacaq. Putin Rusiyanın Konstitusiyaya görə FEDERATİV dövlət olduğunu çoxdan unudub”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?