Onun itini və atını təhqir etmək olmaz, qartopunu da icazə ilə atmaq lazımdır
Dünyanın əksər dillərində asayiş keşikçilərinin insanın dostu sayılan ev heyvanının adı ilə ayamalanması bir faktdır. Lakin bu da bir faktdır ki, əsasən kriminal dairələrə xas olan belə bir bənzətmə dünyanın əksər ölkələrində təhqir və cinayət sayılır. Amma polis itinin təhqir edilməsinin cinayət sayılmasının bu vaxtadək Britaniya qanunlarının bir hissəsi olmasını şəxsən mən bilmirdim. Bundan Britaniyanın Daxili İşlər naziri Theresa May-in çıxışından sonra xəbər tutdum. O, İctimai Asayiş Qanunun 5-ci fəslindən «təhqir» sözünün çıxarılması barədə Lordlar Palatasının düzəlişini qəbul etdiyini bildirdi.
Ata görə cərimə
6 il bundan əvvəl polis Oksford Universitetinin tələbəsi Sam Brown-nun mühakimə olunmasını tələb etmişdi. Universitetin son imtahanlarını uğurla vermiş və buna görə də «şadyanalıq üçün legitim haqqı» olduğunu düşünən tələbə süvari polisinə belə müraciət etmişdi: «Bağışlayın, mənə belə gəlir ki, Sizin atınız homoseksualdır…». Az sonra tələbə Sam Brown məhz həmin o 5-ci fəslə müvafiq qaydada «homofobiya, yəni homoseksuallara qarşı dözümsüzlük və təhqir» maddəsi ilə həbs edilmişdi. Bununla belə, tələbə 80 funt sterlinq cəriməni ödəməkdən imtina etmiş və əlahəzrətin prokurorluğu da bu məsələnin başını boş buraxmışdı. Yəni cavanlıq edib…baş qoşmayın…
Polis itinə «ham-ham» deməyin cəzası
Bundan bir il sonra Nyukasl şəhərindən olan 16 yaşlı Kyle Little polis zabitlərinin qarşısında polisin «Labrador» cinsindən olan itinə «ham-ham» eləmişdi. Məktəbli yenə də qanunun 5-ci fəslinə uyğun olaraq həbs və 200 funt sterlinq cərimə olunmuşdu. Adıçəkilən qanun maddəsinin dəyişdirilməsi təklifi isə Britaniyanın tanınmış komediya aktyoru Rowan Atkinson-dan gəlir. O bildirirdi ki, peşəsi etibarilə bir çox hallarda konkret adamlar barədə bənzətmələr edir. Amma qanunda bu cür bənzətmələr cinayət sayılır. Aktyorun təklifini Lordlar Palatasında müzakirəyə çıxarmış lord Dear deyib ki, «belə qanunlar ifadə azadlığına ziddir və onlara bizim cəmiyyətimizdə yer yoxdur». Bundan sonra Britaniya parlamentinin üst palatası sayılan lordlar səs çoxluğu ilə 5-ci fəsildəki «təhqir» sözünün İctimai Asayiş haqqında Qanunun 5-ci fəslindən çıxarılması barədə qərar qəbul ediblər. Bununla belə, ölkənin aparıcı ictimai rəyi öyrənmə agentliklərindən «ComRes»in sorğusu göstərib ki, millət vəkillərinin 62 faizi «təhqirlərin» qanundan çıxarılmasından narazıdır. Onların fikrincə, bu, ümumiyyətlə, parlamentin işi deyil.
Qartopu qadağanı
Həftəsonu Britaniya sinoptiklərinin qar proqnozu doğruldu. Hər tərəfə ağappaqdır. Qara hər qış Azərbaycan qədər hazır olan İngiltərə polisi üçün təbiətin bu şıltağı əlavə problemə çevrilir. Ölkənin əsas magistrallarında ilişib qalan avtomobil karvanlarını tənzimləmək bir yana, bu tərəfdən də uşaqlar ildə bir dəfə gördükləri qardan tam feyzyab olmaq istəyirlər. Qaradamı düzəldirlər, sürüşürlər və qartopu oynayırlar. Özləri-özləri ilə oynasalar, nə vardı ki… Bir də görürsən küçədən keçən yaşlı adamlar uşaq qartopusunun hədəfinə çevrilirlər. Nəzərə alınsa ki, ölkə əhalisinin böyük bir qismi yaşlılardır, hər qartopu «Patriot» raketi qədər təhlükəli ola bilər. Odur ki, polis «Facebook» vasitəsilə xəbərdarlıq edib ki, avtobuslara və avtomobillərə, o cümlədən bunu istəməyən adamlara qartopu atılmasına qarşı ciddi tədbirlər görüləcək. Daha doğrusu, polis açıq deyib: həbslər olacaq. Bu xəbərdarlığı etmiş Durham əyalətinin polisi dərhal ictimaiyyətin tənqidi ilə üzləşib. Ələlxüsus da, yeniyetmələr polisi «keyfi korlamaqda» günahlandırıblar. Artıq bir sutkadır ki, qar yağır və hələlik həbslər barədə xəbər yoxdur. Britaniya qarının ömrü Britaniya yağışından fərqli olaraq, çox qısadır. Gözləyək görək, əriyən qarın altından daha nə kimi xəbərlər çıxacaq. Zülfüqar Rüfətoğlu
Sorğu
Yeni dizaynımız necədir?