İlham Əliyevə göndərilən iki müraciət cavabsız qalıb
Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycanda müvəqqəti qalması sahəsində yaranmış problemlə əlaqədar yenidən prezident İlham Əliyevə müraciət edilib. “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli yanvarın 29-da “Media forum” saytına bildirib ki, artıq üçüncü dəfədir dövlət başcısına müraciət ünvanlayırlar. Ötən il “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun tətbiqi sərtləşdirilib və indiyədək müəyyən güzəştlərdən istifadə etmiş Gürcüstan azərbaycanlıları problemlərlə üzləşib. İndi onların Azərbaycan ərazisində əvvəlki kimi üç ay yox, yalnız bir ay müvəqqəti qeydiyyatda qalmasına icazə verilir. Zəlimxan Məmmədli bildirib ki, prezident İlham Əliyevə bundan əvvəl göndərdikləri iki müraciətə heç bir cavab almayıblar: “Hər gün bizə soydaşlarımızdan onlarla şikayət gəlir. Onlar bu maneələrin tez bir zamanda aradan qaldırılmasını istəyirlər. Biz də buna əsaslanaraq dövlət başçısına yenidən, üçüncü dəfə müraciət göndərdik. Müraciətdə dövlət başçısından müstəsna səlahiyyətlərindən istifadə etməsini, soydaşlarımızın problemlərinin həlli üçün qanunvericilikdəki məhdudiyyətlərin yumşaldılması haqda parlament və hökumətə göstəriş verməsini istəmişik. Mövcud qanunvericiliyin tələbləri soydaşlarımızın Azərbaycanın əmək bazarına girməsini müəyyən mənada məhdudlaşdırır. Miqrasiya məsələləri qanunvericiliklə tənzimlənir. Biz bu qanunvericiliyin dəyişdirilməsini və soydaşlarımızın Azərbaycana maneəsiz gələrək əmək fəaliyyəti ilə məşğul olmasına şərait yaradılmasını istəyirik. Əlbəttə, bizim qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququmuz yoxdur. Amma deputatlara müraciət edərək “Soydaşlar haqqında” xüsusi qanunun qəbul olunmasını təklif etmişik. Qanunda Azərbaycanla həmsərhəd olan ölkələrdə kompakt halda yaşayan soydaşlarımıza xüsusi imtiyazlı gediş-gəlişin olması nəzərdə tutulub. Mən bu problemin köklü şəkildə həll olunmasını belə bir qanunvericilik bazasının yaradılmasında görürəm”. Gürcüstanda yaşayan azərbaycanlıların “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun tələblərinin sərtləşdirilməsindən əziyyət çəkdiyini vurğulayan Zəlimxan Məmmədli qeyd edib ki, Gürcüstandan Azərbaycana daxil olan soydaşlarımıza 5-6 aylığa birdəfəlik oturum icazəsi verilsə, həmçinin digər güzəştlər olsa, çətinliklər azalar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?