Ukrayna Xüsusi Xidmət orqanları bir neçə gün sonra Fransada başlayacaq futbol üzrə Avropa Çempionatında terror aktları törətməyi planlaşdıran şəxsi yaxalayıb.
gundemxeber.az lent.az-a istinadən bildirir ki, Fransa vətəndaşı olan terrorçunun üzərindən xeyli silah-sursat aşkarlanıb.
Bildirilir ki, kəşfiyyatçılar bir müddətdir izlədikləri şəxsi Polşa ilə sərhəddə yaxalamaq qərarına gəliblər. Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vasili Qritsak bildirib ki, terrorçunun 25 yaşı var və onun adı Qriqoridir. Artıq terrorçu planlaşdırdığı addımları etiraf edib.
Qriqori M. adlı terrorçu saxlanılarkən onun üzərindən və daşıdığı yükdən tapılan partlayıcılar isə təhlükəsizlik xidməti əməkdaşlarını təəccübləndirib. Belə ki, Qriqorinin daşıdığı yükün arasında 125 kilo TNT, 5 Kalaşnikov markalı avtomat, 100 saatlı bomba, 5 mindən artıq mərmi və 2 minaatan aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, terrorçu şəbəkəsi məscid, sinaqoq, polis məntəqəsi, hökumət binaları da daxil olmaqla bir çox yerdə partlayış törətməyi planlaşdırırmış. Ümumilikdə isə onlar Avropa Çempionatı ərzində 15 terror aktı planlaşdırıblar.
Artıq Ukrayna tərəfi əldə etdiyi məlumatı Fransa ilə bölüşüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?