CHP-nin sabiq sədri Dəniz Baykal və bəzi MHP-li sabiq millət vəkillərinə aid olduğu iddia edilən kaset görüntüləri ilə bağlı araşdırmada yeni məqamlar üzə çıxıb. Ankara prokurorluğunun apardığı araşdırma nəticəsində şantaj kasetlərinin adı Hrant Dink cinayətində, baş nazirin otağına dinləmə cihazının qoyulmasında, qanunsuz dinləmələrdə şübhəli bilinən Kəşfiyyat İdarəsinin “C” şöbəsində hazırlandığı ehtimalı üzə çıxıb. Bu işin Hrant Dinkin öldürülməsi ilə əlaqədar həbs olunan sabiq polis rəisi Əli Fuat Yılmazər tərəfindən koordinasiya edildiyi bildirilir. Araşdırma zamanı məlum olub ki, FETÖ-nün “polis imamı” kimi tanına Osman Hilmi Özdil şantaj ediləcək siyasətçilərin siyahısını adı çəkilən şöbəyə təqdim edib. Şöbənin əməkdaşları siyasətçiləri izləyərək gizli çəkilişlər aparıblar. Çilingər adı ilə siyasətçilərin evlərinə daxil olan polislər uzaqdan idarə olunan gizli kameralar quraşdırdıqdan sonra çəkiliş aparıblar. Siyasətçilər evdən çıxdıqdan evə gələn polislər kameraları söküb özləri ilə aparıblar. Bu şəxslərin əməliyyatdan əvvəl Dəniz Baykalı uzun müddət izlədiyi də müəyyənləşib. Çəkilən görüntülər “polis imamı” Özdilə verilib, o isə 2011-ci il seçkilərində bu görüntüləri xarici İP-lərdən istifadə edərək “Youtube” kanalına yükləyib. Siyasətçilərə kaset şantajı etməkdə şübhəli bilinənlər arasında İstanbul polis idarəsinin kəşfiyyat xidmətinin sabiq rəhbəri Ramazan Akyürəyin də adı var. (APA)
Sorğu
Yeni dizaynımız necədir?