500 milyon dollardan çox pul oğurlamaqda ittiham olunan erməni proqramçı ətrafında vəziyyət beynəlxalq qalmaqal yaradır.
Norveç Mark Vardanianı ABŞ-a vermək qərarına gəlib. Əslində Norveç bunu çoxdan etmək istəyirdi, ancaq Moskva aylardır ki, bunun qarşısını alırdı. Çünki Vardanian Rusiya vətəndaşıdır.
Vardanian Norveçin İT şirkətlərinin birində çalışırdı. Onu Norveçin xüsusi xidmətləri keçən ilin sentyabrında həbs edib. O indiyə kimi müvəqqəti həbsdə saxlanır.
AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, rəsmi ittihamda deyilir ki, Vardanian internetə xüsusi fayllar yerləşdirib və 11 000 kompüterə virus salıb. Bundan sonra Vardanian həmin kompüterlərdən minlərlə insanın şəxsi göstəricilərini götürə bilirmiş və onların bank hesablarından ümumlikdə nəhəng məbləğlər oğurlayırmış.
Vardanian bu ittihamları qəbul etmir. Moskva isə Vardanianın ABŞ-a verilməsi ilə razılaşmır.
Norveçin Vardanianı ABŞ-a vermək qərarını Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zakharova sərt tənqid edib: “bizim obyektiv araşdırma çağırışlarımıza Norveç tərəfi məhəl qoymur”.
Zakharova deyir ki, Vardanianın işi “siyasiləşdirilib” və “ədliyyə meyarlarına cavab vermir”.
Zakharova iddia edir ki,“Amerikanın xüsusi xidmətləri bütün dünya boyu Rusiya vətəndaşlarının ovuna çıxıb və Vardaninaın işi bunun bir elementidir”.
Zakharova Norveçə hətta xəbərdarlıq edir: “ Oslonun Rusiya vətəndaşını ABŞ-a vermək qərarı gələcəkdə Norveçlə münasibətılərin qurulmasında nəzərə alınacaq”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?