Türkiyənin İqdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub.
Trend-in məlumatına görə, hadisə nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır. Onlardan ikisi Naxçıvan sakinləri Süleyman Əliyev və Fərhad Fərhadlıdır. Üzərində sənədi olmayan, lakin azərbaycanlı olduğu ehtimal edilən yaşlı bir qadınla 13 yaşındakı qız uşağının şəxsiyyəti isə hələ müəyyənləşməyib.
*** “İqdırdakı qəzada ölən 8 nəfərdən 5-i Azərbaycan vətəndaşıdır”.
Bunu “Report”un Türkiyə bürosunun əməkdaşına açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib. O qeyd edib ki, qəzada ümumilikdə 28 nəfər xəsarət alıb: “Qəzada 26 Azərbaycan vətəndaşı yaralanıb. Yaralılar İğdır dövlət xəstəxanasına yerləşdirilib”.
*** Türkiyənin İqdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində 4 Azərbaycan vətəndaşı ölüb.
Hurriyyet.org xəbər verir ki, bunu Trend-ə Türkiyə parlamentinin İqdır vilayətindən olan deputatı Nurəddin Aras deyib.
Onun sözlərinə görə, qəza nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, qəza nəticəsində 26 Azərbaycan vətəndaşı xəsarət alıb. *** Türkiyənin İqdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində 26 Azərbaycan vətəndaşı xəsarət alıb. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu ölənlər arasında azərbaycanlıların olub-olmamasını araşdırır.
*** İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ümumilikdə 20 nəfər yaralanıb, 7 nəfər ölüb. Hurriyyet.org xəbər verir ki, bu barədə Apa-ya Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev məlumat verib. O bildirib ki, ölən və yaralanan azərbaycanlıların sayı və şəxsiyyəti dəqiqləşdirilir: “Ölən və yaralananlar arasında azərbaycanlıların sayı böyük ehtimalla çox olacaq. Çünki Naxçıvana gedib-gələn xətt olduğuna görə orada sərnişinlərin böyük əksəriyyəti Azərbaycan vətəndaşı olur”.
*** İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən və yaralananlar arasında azərbaycanlılar da var. Bu barədə Azərbaycanın Qarsdakı Baş konsulluğundan məlumat verilib.
*** Bu gün səhər saatlarında Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığındakı yolda ağır yol qəzası baş verib. Məlumata görə, İqdır rayonunun Aralıq rayonu və Dilucu sərhəd-keçid məntəqəsi arasındakı yolda iki sərnişin avtobusu toqquşub. Qəzaya səbəb havanın dumanlı olması və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub. İqdır Valisi Əhməd Turqay Alpman qəza nəticəsində 6 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını bildirib. Qəza yerinə çoxlu sayda təcili yardım və polis maşınları göndərilib. Toqquşan avtobuslarda sıxılmış vəziyyətdə qalan yaralılar var. Hazırda həmin yaralıların xilas edilməsi yönündə tədbir görülür.
Sorğu
Yeni dizaynımız necədir?