ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın dəstəyilə hərbi əməliyyatlar aparan İraq ordusu Mosul şəhərindəki aeroportu ələ keçirib. Şəhərin qərb hissəsi özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın nəzarətindədir. BBC müxbiri Quentin Sommerville-nin verdiyi məlumata görə, aeroportun uçuş zolağı demək olar ki, İD döyüşçüləri tərəfindən tamamilə dağıdılıb. Ordunun aeroport ərazisinə nəzarəti İD-nin cənubdan dəstək almaq imkanlarını məhdudlaşdıra bilər. Mosulun şərq hissəsi İD döyüşçülərindən ötən ay azad edilib. Şəhərin qərb hissəsinin azad edilməsi istiqamətində əməliyyatlar isə ötən həftə başlanıb. Hərbçilər artıq şəhərin cənubundakı bir neçə kəndi azad etdiklərini deyirlər. Ötən ilin oktyabr ayında Mosulun İD döyüşçülərindən təmizlənməsi istiqamətində başlanan hərbi əməliyyatlar nəticəsində şəhərin şərq rayonları azad edilmişdi. Bir neçə həftə sonra pis hava şəraitinə görə hərbi əməliyyatlar dayandırıldı. Ötən ilin dekabrında isə Iraq rəhbərliyi əməliyyatların ikinci hissəsinin başlandığını elan etdi. 100 mindən çox Mosul sakini evlərindən didərgin düşüb. BMT nümayəndələri xəbərdarlıq edir ki, ordu şəhərin dərinliklərinə irəlilədikcə evini tərk edənlərin sayı da artacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?