Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq azərbaycanlı rəhbəri Roman Nəsirov barəsində qətimkan tədbirinin seçilməsi üzrə məhkəmə iclası martın 5-i, yerli vaxtla saat 10.00-da (Bakı vaxtilə saat 12.00-da) davam etdiriləcək. APA-nın çəlumatına görə, UNİAN-ın verdiyi xəbərə görə, müvafiq qərar dünən hakim Aleksandr Borovnik tərəfindən elan edilib.
Məhkəmənin qərarı eyni zamanda vəkillərin cinayət işi ilə tanış olmaq üçün onlara vaxt verilməsinə dair vəsatətə əsaslanıb. Xatırladaq ki, korrupsiya cinayətində şübhəli bilinən Roman Nəsirov barəsində qətimkan tədbirinin seçilməsi üçün dünən xərəklə Kiyevin Şevçenski rayon məhkəməsinə aparılmışdı. Saxlanılma zamanı infarkt keçirmiş R.Nəsirova məhkəmə binasında olduğu müddətdə iki dəfə təcili yardım briqadası çağırılıb. Onu da xatırladaq ki, Ukrayna Nazirlər Kabineti martın 3-də R.Nəsirovu Dövlət Fiskal Xidmətinin rəhbəri vəzifəsindən azad edib. Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.
Qeyd edək ki, R. Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bir müddət əvvəl A. Onişenko barəsində “Külli miqdarda dövlət əmlakının talanması” maddəsi üzrə cinayət işi başlanılıb. İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək “Ukrqazdobıça” şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə ölkə daxilində hasil olunan qazı aşağı qiymətlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Nəticədə dövlətə 120,5 mln. dollar ziyan dəyib.
“AzPolitika.info” xəbər verir ki, Ali Rada A. Onişenkonun həbsinə razılıq versə də, qərar qəbul edilməzdən öncə deputat ölkədən qaçıb. A. Onişenko həmçinin dövlətə xəyanətdə şübhəli bilinir.
Sorğu
Yeni dizaynımız necədir?