"The İndependent" qəzetində tanınmış Britaniya jurnalisti Robert Fisk yazır ki, Ruhaninin qələbəsi İran rejimi və İranın çoxmilyonluq gənc əhalisi üçün yaxşı xəbər olsa da, Trump rejimi üçün pis xəbərdir.
Jurnalistin fikrincə Trump mötədil Ruhanidənsə, "ədliyyə edamçısı" və keçmiş prokuror Rəisinin seçilməsini arzulayardı. Beləki Amerika xalqını ona nifrət etdirmək daha asan olardı. Fisk yazır ki, İranın yaşı 25-dən az olan elektoratı bütün elektoratın 40 faizini təşkil edir və onların çoxu Ebrahim Rəisinin 1988-ci ildə 8 minədək siyasi məhbusun edam olunmasındakı rolu barədə yalnız eşitdiyini bilir. "Beləliklə, İranın Birləşmiş Ştatlarla nüvə sazişi imzalaması üçün sözün əsl mənasında çarpışan, Qərblə nüvə bombası "anlaşmasından" öz ölkəsinin iqtisadi faydaları üçün istifadə etməyə çalışan və keçmiş prezident Xatəmi kimi vətəndaş cəmiyyətinə inanan şəxs seçkidə 41 milyonluq elektoratın 23, 5 milyonunun və ya 57 faizinin səsini qazanaraq qalib gəlib - yazır jurnalist, - Korrupsiyalı və senzuralı İnqilab Keşikçiləri Korpusuna və bazarilərə gələcəkləri olmadığı barədə mesaj verilib". Məqalədə deyilir ki, bu seçki, Riyad şəhərində Donald Trump-ı salamlayan diktatorlar və boğazüzən avtokratların yığıncağı ilə kəskin ziddiyyət təşkil edib. Fisk yazır ki, Livan, Tunis və Pakistanı çıxmaq şərtilə Səudiyyə Ərəbistanına toplaşmış bütün müsəlman liderlər demokratiyaya zarafat və ya cəfəngiyyat kimi baxırlar. Məqalədə deyilir ki, onlar bu mərasimə sünni Səudiyyə Ərəbistanına İranla qarşıdurmada dəstək nümayiş etdirmək üçün toplaşıblar. Müəllifin fikrincə, Trump-ı salamlamaq üçün Səudiyyəyə toplaşan 50 diktatordan heç biri Ruhaninin necə qələbə qazandığını dərk edə bilmir. Fiskin fikrincə, həm Rəisi, həm də Ruhani ölkənin dindar kəsimini təmsil etsələr də, Rəisi repressiv keçmişin, Ruhani isə nə qədər qüsurlu olsa da, gələcəyin simvoludur. Məqalədə deyilir ki, Ruhani üçün indi o qədər də asan olmayacaq. O Trump rejiminə və onun 100 milyard dollarlıq silah verməyə hazırlaşdığı sünni müharibə maşınına sinə gərməli olacaq. Fiskin fikrincə, Ruhani bu çətinliklərin öhdəsində siyasətlə gəlməyi bacarmalıdır, çünki onun qələbə qazandığı seçkidə iranlıların 70, Trump-ın qələbə qazandığı seçkidə isə amerikalıların 58 faizi səs verib. Fiskin nəzərincə, indi elə bir vəziyyət yaranıb ki, ali rəhbər Xameneyi özünün toxunlumaz postunu tərk edəndə, bu vəzifə böyük bir ehtimalla ayətullah Sayed Mahmud Haşimi Şahrudiyə qismət olacaq. O İran ədliyyəsinin başında durarkən ölkənin bir sıra qəddar cəzalarını ləğv etdirə bilib, halbuki ona islahatçı da demək olmaz. Əsl islahatçı heç şəksiz bu ilin əvvəllərində dünyasını dəyişmiş keçmiş prezident və İranın Rişelyesi Haşimi Rəfsəncani idi. Fisk yazır ki, Birinci Dünya Müharibəsini xatırladan İran-İraq müharibəsindən dərhal sonra ölkədə kütləvi repressiya və edamlar başlanmışdı. Bütün bunlara qarşı çıxan yeganə ruhani xadim ayətullah Əli Müntəziri idi. Elə bu cür mövqe tutması onu ali rəhbər postundan məhrum etdi. O ömrünün qalan hissəsini ev məhbusu olaraq yaşadı. Vəzifə Xameneyiyə qismət oldu. Fiks xatırladır ki, seçkini uduzmuş namizəd Rəisinin də əllərində edam qanları var, lakin onun təsəllisi bu ola bilər ki, bu gün Riyada Trump-ı salamlamaq üçün toplaşmış diktatorların əllərindəki qan heç də onunkundan az deyil. Amma göründüyü kimi onları "seçiblər", Fisk yazır.
Sorğu
Yeni dizaynımız necədir?