Telekanal Putin rejimi ilə bağlı informasiyaların getməsində daha ehtiyatlı davranacaq
ABŞ-ın tanınmış xəbər kanallarından CNN Rusiya ilə bağlı süjetlərin indidən belə redaksiyanın senzurasından keçirilməsi barədə qərar qəbul edib.
Kanalın bu cür addım atmasına səbəb Rusiya ilə əlaqədar yanlış məlumatın getməsi olub. İnformasiya sonradan kanalın rəsmi səhifəsindən silinib.
Hazırda Ağ Evin yeni rəhbərliyi ilə problemlər yaşayan CNN artıq müəyyən strateji məsələlərdə daha ehtiyatlı addımlar atamağa məcbur qalıb.
Kanalın maliyyə xəbərlərini təqdim edən bölümü sayılan CNN Money-in məsul redkatoru Riç Barbyeri öz əməkdaşlarına xəbərdarlıq mesajı göndərərək onlardan Rusiya ilə bağlı material verməzdən öncə kanal rəhbərliyini məlumatlandırmağı xahiş edib.
Buzzfeed saytının verdiyi xəbərə görə, yeni qaydalar təkcə CNN Money-ə deyil, həmçinin kanalın bütün bölmələrinə şamil olunacaq.
“Heç kim Rusiyaya aid materialı mənə və ya Ceysona (CNN-in vitse-prezidenti Ceyson Farkas nəzərdə tutulur-red.) göndərməmiş efirə və ya sayta buraxmasın”, - Barbyerinin mesajında deyilir.
CNN rəhbərliyini Rusiya ilə bağlı materiallar üzərində nəzarəti gücləndirməyə sövq edən əsas səbəb bu yaxınlarda kanalda gedən bir sujet olub.
Həmin materialda Donald Trampın prezident kimi and içərək səlahiyyətlərini icra etməyə başlamazdan cəmi 4 gün öncə, Davosda keçirilən Ümumdünya iqtisadi forumunda onun biznes dünyası ilə əlaqələr üzrə müşaviri Entoni Skaramutsinin Rusiyanın Birbaşa sərmayə fondunun rəhbəri Kiril Dmitriyevlə görüşməsi haqqında informasiya gedib.
Material Senatın Trampın qərargahında “rus izləri”ni araşdıran kəşfiyyat üzrə komitəsində adı çəkilməyən tək bir qaynağın verdiyi xəbərə söykənib.
Lakin informasiya sonradan təsdiqlənmədiyinə görə kanal onu silməyə və hətta Skaramutsidən üzr istəmək məcburiyyətində qalıb. Qeyd olunur ki, son günlərdə kanal bu cür materiallara görə müəyyən çətinliklərlə üzləşib.
CNN Tramp hakimiyyətə gəldiyi gündən onunla informasiya müharibəsi vəziyyətindədi. Lakin Amerika hər nə qədər demokratik dövlət olsa da dövlətin informasiya qaynaqlarından məhrum olmaq qorxusu kanalı bəzən avtosenzura, bəzən də hətta öz əməkdaşlarını qovmağa qədər gedən addımlar atmağa məcbur edir.
Məsələn bu yaxınlarda CNN Donald Trampı bütün Amerika üçün rəzalət adlandıran Rza Aslan adlı aparıcısını işdən azad etmişdi. Bundan başqa kanal daha bir əməkdaşı, komediya ustası Keti Qriffinə də qapını göstərməli olmuşdu. Populyar teleaparıcı ABŞ prezidenti Donald Trampın qanlı maskası ilə çəkdirdiyi fotolar üzündən iş yerindən məhrum olub.
Yuxarıda da qeyd edildiyi kimi CNN Trampın “qara siyahısı”nda olan mətbuat orqanlarının başında gəlir. D.Tramp bu kanala olan ikrah münasibətini özünün tvitter səhifəsində dəfələrlə dilə gətirib. Bundan başqa Ağ Evin yeni sahibi kanalı onun Rusiya ilə əlaqələri barədə yalançı informasiyalar verməkdə və iftira atmaqda günahlandırıb.
Kanalla yeni prezident arasında münaqişə 2016-cı il prezident seçkilərinin gedişində ortaya çıxıb. CNN ABŞ-ın FOX kanalı istisna olmaqla bütün iri media quruluşları kimi açıq şəkildə Demokrat partiyasının namizədi Hillari Klintona dəstək verib.
CNN-lə Donald Tramp arasında müharibənin ən pik nöqtəsi isə kanalın Buzzfeed saytının Rusiyanın prezident seçkilərinə müdaxiləsi barədə kəşfiyyat orqanlarından aldığı informasiyasını ekranlara daşıması zamanı baş verib.
Həmin xəbərdə Trampın guya 2013-cü ildə Moskvaya səfəri zamanı eksort qızlarla əyləndiyi və onun həmin qızlarla intim münasibətlərinin əks olunduğu video materialların Rusiya xüsusi xidmət orqanlarının əlində olduğu barədə məlumat getmişdi.
Material CNN kanalının rəsmi səhifəsində bir sutka ərzində manşetdə qalmışdı. CNN-in bu hərəkəti ABŞ prezidentini o dərəcədə qəzəbləndirmişdi ki, Tramp mətbuat konfransında nümayişkaranə şəkildə kanalın jurnalistinin suallarına cavab verməkdən boyun qaçırmışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?