ABŞ-ın xüsusilə Ukrayna məsələsində atdığı addımlar Moskvanı “qoca qitə”nin iki aparıcı dövlətinə minnətçi düşməyə vadar edir; Lavrov isə ümumi dəyərlərdən dəm vurur
Dünən Rusiya xarici işlər naziri Sergey Lavrov Brüsselə səfər edib. Burada o, avropalı həmkarı Fedrika Mogerini ilə görüşüb.
Xarici mətbuatın yazdığına görə, Avropa məmurlarının Rusiyaya verdiyi mesaj qəti və qısa olub: “Rusiya iqtisadi vəziyyətini düzəltmək istəyirsə Ukraynadan əl çəkməlidir”.
Burada Rusiya Avropa Birliyinin prinsiplərinə zidd hərəkət edən, qonşu ölkələrə təcavüz göstərən, onların daxili işlərinə kobudluqla qarışan dövlət olaraq qəbul olunur.
Xatırladaq ki, bu ilin iyununda Avropa Birliyi Rusiyaya qarşı sanksiya rejiminin daha 6 ay uzadılması barədə qərar qəbul edib. Qəzetlərin yaxdığına görə, məhz Avropanın tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatını çökdürən səbəblərdəndir. Rusiya iqtisadi inkişaf nazirliyinin etirafına görə, Rusiyanın Avropa sanksiyalarında itkisi ən azı 20-25 milyard dollar civarındadır. Bu səbəbdən hazırda Rusiya xarici işlə nazirinin Avropanın iki lokomotivi - Almaniya və Fransadan mədət umması olduqca başadüşüləndir.
Bu ölkələr həm də Ukrayna böhranının həlli üçün qurulan “Normand dördlüyü”nün üzvləri sayılırlar. İki ölkə Britaniyanın birliyi tərk etməsindən sonra Avropanın motoru rolunu öz üzərinə götürüb.
Mütəxəssislər Rusiyanın hazırda yaxınlaşmağa ümid etdiyi hər iki ölkənin indiki liderlərinə qarşı xüsusi aqressiv mövqedə durduğunu da xatırladırlar. Moskva Fransadakı seçkilərdə əvvəlcə Fransua Fiyonun, daha sonra Marin Le Penin simasında öz namizədinin qalib gəlməsində maraq nümayiş etdirib. Onlara maddi olaraq dəstək verib, iki lider isə Rusiyada prezident səviyyəsində qəbul olunub.
Bu səbəbdən keçən həftə Sergey Lavrovun Fransa xairici işlər naziri Jan İv Le Drianla görüşdə hər iki ölkənin bir çox məsələlərdə ümumi baxışlarının olduğunu deməsi Qərb mətbuatında acı istehza doğurub. Belçikdan sonra isə Lavrov Almaniyaya hərəkət edəcək. Burada o, ölkənin xarici işlər naziri, Rusiyaya qarşı mövqeyi ilə seçilən Ziqmar Qabriellə görüşəcək.
Rusiyanın Almaniyada sentyabrda keçiriləcək seçkilərlə bağlı mövqeyinə görə də olduqca pis şöhrəti var. Moskva açıq-aşkar millətçi-radikal “Almaniya üçün alternativ” partiyasını dəstəklədiyini gizlətmir. Bu səbəbdən hər kəsi Lavrovun Ziqmar Qabiriellə hansı ümumi məsələləri müzakirə edəcəyi maraqlandırır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?