Ermənistanın xarici siyasətinin əsas istiqamətlərini şıltaq Sərkisyanın qeyri-məhdud istəkləri təşkil edir.
Bu sözləri Ermənistanın xarici siyasətində olan dəyişikliklərə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Ermənistanın düşünülmüş, ideoloji-siyasi əsasa malik xarici siyasət apardığını demək yanlış olar. “Ermənistanın hazırda yürütdüyü xarici siyasət Serj Sərkisyanın hakimiyyət oyunları kimi qiymətləndirilməlidir. Burada bütöv Ermənistan dövlətinin, erməni xalqının rifahından söhbət gedə bilməz. Sərkisyan artıq ciddi siyasi manevrlərə başlayıb. O, bununla Rusiya ilə ipləri tamamilə qoparmaq niyyətindədir. Rusiyanın Dağlıq Qarabağ problemində Etmənistanı müdafiə etməməsi, Azərbaycanla əlaqələri genişləndirməsini əsas gətirərək, Qərbə doğru meyillənərək, nələrisə əldə edəcəyini düşünür. Ermənistan və Rusiya arasında əvvəllər ciddi hiss olunmasa da, artıq bütün parametrlər üzrə fikir ayrılıqları ciddi şəkildə nəzərə çarpır. Serj Sərkisyanın payızda Avropa İttifaqı ilə daimi və genişləndirilmiş saziş imzalayacaqları ilə bağlı açıqlaması, Ermənistanın Ruminiya və Gürcüstanda keçirilən NATO təlimlərində iştirak etməsi iki ölkə arasında olan gərginliyin açıq təzahürüdür”. Politoloq bildirib ki, Sərkisyan çox mürəkkəb siyasi oyunlara başlayıb: “Sərkisyan Konstitusiyada dəyişiklik edərək, prezidentliyə namizədliyini verməyəcəyini bəyan edib. O, bununla 2018-ci ilin may ayında keçiriləcək prezident seçkilərindən əvvəl prezidentlik səlahiyyətindən istifadə edərək, baş nazir olaraq siyasi fəaliyyətinə davam etməyi düşünür. Onun Qərbə doğru meyillənməsi isə Rusiyaya qarşı Avropa dövlətlərinə arxalanmaq istəməsi ilə bağlıdır. Sərkisyan demokrat cildinə girərək Avropa dövlətləri arasında nüfuz qazanmağa çalışır. Ancaq Sərkisyanın bu oyunlardan, siyasi manevrlərdən qalib çıxacağını söyləmək çətindir. Çünki Ermənistanın hakim dairələrində olan Rusiyaya meyilli siyasət yürüdən kifayət qədər kadrlar var. Son baş verən hadisələrdən də görmək olur ki, Rusiyanın adamı olan Baş nazir Karen Karapetyan açıq şəkildə Sərkisyana meydan oxuyur. Bunun nəticəsidir ki, Karapetyan və onun ətrafında olan yerli ermənilər “Qarabağ klanı”na başçılıq edən Sərkisyanı tam mühasirəyə alıblar. Fikrimcə, hakimiyyətin daxilində bu cür çəkişmə İrəvanda çox ciddi qarşıdurmalarla müşayiət olunacaq. Bu qarşıdurmaların Sərkisyanın məğlubiyyəti ilə nəticələnəcəyini ehtimal etmək də olar”./axar.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?