ABŞ-ın məqsədi Rusiya hərbi sənayesinə zərbə vurmaqdır.
Bu sözləri açıqlamasında ABŞ-ın Rusiyanın müdafiə sənayesinə qarşı yeni sanksiyalar hazırlaması ilə bağlı danışan politoloq Şahin Cəfərli deyib. Politoloq bildirib ki, ABŞ-ın siyahısına düşən şirkətlərin böyük əksəriyyətinə daha əvvəl sanksiya tətbiq edilib: “ABŞ Dövlət Departamenti Konqresin yeni sanksiya qanununun tələbinə uyğun olaraq Rusiya müdafiə sənayesinə aid 33 şirkətin siyahısını hazırlayıb. Rusiya hərbi-sənaye kompleksinin demək olar ki, bütün iri şirkətləri siyahıya salınıb. Bu şirkətlərlə iri sövdələşmələrə gedən başqa ölkələr və qurumlar sanksiyaların təsirinə məruz qalacaq. Burada bir az qeyri-müəyyənlik var. Çünki Rusiya ilə konkret neçə milyon dollarlıq razılaşmanın sanksiya altına düşəcəyi məlum deyil, qanunda yalnız “iri tranzaksiyalar” yazılıb. Seçim etmək və qərar vermək Dövlət Departamentinin öhdəsinə buraxılıb. Lakin Konqres bu prosesə ciddi nəzarət edəcək ki, hökumət qanunun yanından keçməyə çalışmasın”. Politoloqun sözlərinə görə, Ermənistan da ABŞ-ın sanksiyasına məruz qala bilər: “İşğlaçı Rusiyadan külli miqdarda silah alır. Eləcə də Türkiyənin Rusiya ilə S-400 anlaşması reallaşacağı təqdirdə Ankara sanksiya altına düşə bilər. Ümumilikdə bu qanunu hazırlayan senatorların məqsədi Rusiya hərbi sənayesinə zərbə vurmaq və onu inkişafdan saxlamaqdır. Rusiya iqtisadiyyatının başqa sahələri ilə bağlı da analoji siyahılar hazırlanacaq. Proses hələ indi başlayır”. Qeyd edək ki, ABŞ Rusiya müdafiə sənayesinə qarşı yeni sanksiyalar hazırlayır. Tillerson artıq sanksiyaların tətbiq olunacağı müəssisələrin siyahısını hazırlayıb. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert siyahıya salınacaq şəxslərin adlarının hələlik gizli saxlanıldığını bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?