“New England Patriots” klubunun sahibi Robert Kraft Rusiya prezidenti Vladimir Putinin oğru olduğunu iddia edib
Amerikanın futbol klubu “New England Patriots”un sahibi, iş adamı Robert Kraft Rusiya prezidenti Vladimir Putinin oğru olduğunu iddia edib.İş adamı 8 il əvvəl Putinin onun 25 min dollar dəyərindəki üzüyünü oğurladığını deyib.
İngiltərənin “The Daily Telegraph” qəzetində yayımlanan xəbərdə hadisənin 2005-ci ildə Putinin Robert Kraft ilə Rusiyanın Sankt Peterburq şəhərində baş tutan görüşləri zamanı baş verdiyi yazılıb.
Həmin vaxt R. Kraftın klubun liqa çempionu olması şərəfinə hazırlatdığı almazlarla bəzədilmiş 25 min dollarlıq üzük Putinin xoşuna gəlib. Üzüyü əlinə götürərək baxan Putin daha sonra üzüyü qaytarmayıb. Kraft isə üzüyü rus xalqını sevdiyi üçün hədiyyə etdiyini deyib.
Səkkiz il sonra həqiqətləri açıqlamağa qərar verən R. Kraft Putinin oğru olduğunu söyləyib: “Putinə üzüyü geri qaytarması üçün əlimi uzatdım, amma üzüyü cəld bir şəkildə cibinə qoydu. Yanında üç nəfər var idi və Putin onlarla çıxıb getdi”
72 yaşlı Robert Kraftın sözlərinə görə, o, Ağ Evin xahişi ilə üzüyü hədiyyə etdiyini deməyə məcbur olub: “Hadisədən sonra Ağ Evdən mənə zəng gəldi və ABŞ-Rusiya münasibətlərinin pozulmaması üçün üzüyün əlimdən alındığını açıqlamamam xahiş olundu”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?