Minlərlə iranlı ölkənin qərbində baş vermis zəlzələdən sonra ikinci gecəni də soyuq havada keçirməli olub.
Hökumət dağlıq vilayət olan Kirmanşahda evləri dağılan sakinlərə yardım çatdırmağa çalışır. Noyabrın 13-də İran-İraq sərhəddində baş vermis zəlzələdə 430-dən çox adam ölüb, təxminən 7 min yaralanan var. İran noyabrın 14-də Milli Matəm günü elan edib. Prezident Həsən Ruhaninin regiona baş çəkəcəyi gözlənir. İranın rəsmi dövlət agentliyi 430 adamın öldüyünü bildirir. Xilasedicilərin dağıntılar altında sağ qalanların olmasına ümidi azalıb. İranın dövlət televiziyası sağ qalan sakinlərin əldəqayırma çadırlarda və ya açıq havada gecələdiyini göstərib. Evləri salamat qalan sakinlər də ara-sıra baş verən zəlzələsonrası yerlatı təkanlara görə evlərinə qayıtmağa qorxurlar. "Çox soyuq gecədir… bizim köməyə ehtiyacımız var. Hər şeyə ehtiyac var. Hökumət gərək bizə kömək üçün tələssin", Sarpol-e-Zahab şəhərinin sakini, gənc qadın deyir. Qurbanların çoxu bu şəhərdəndir.
Zəlzələ regionunda səyyar xəstəxana qurulub Bir yardım agentliyi deyib ki, 7 min adama çadır lazımdır. BMT bildirib ki, "tələb edilsə, onlar yardıma hazırdırlar". İslam İnqilabi Mühafizəçiləri Korpusunun rəhbəri Məhəmməd Əli Cəfəri deyib ki, daha çox çadırlara, su və ərzağa ehtiyac var. Regiona baş çəkən Məhəmməd Əli Cəfəri dövlət televiziyasına bildirib ki, binaların yenidən qurulmasına ehtiyac var. İran Qızıl Aypara Cəmiyyəti deyib ki, bir çox ərazilərdə su çatmır, elekltrik enerjisi kəsilib və yollar bağlandığından yardım çatdırmaq çətinləşib. Təşkilatın İranda mənzillənən nümayəndəsi 12 min yaşayış evinin "tamamilə çökdüyünü" bildirib. BBC-ə danışan Mənsurə Bağiri deyib ki, xilasetmə əməliyyatının başa çatdığına görə insanların çevik şəkildə sığınacaqla təmin olunması əsas məsələdir. İranın hərbi helikopterləri yardıma qoşulublar. Rəsmi İrna xəbər agentliyi bildirib ki, Qızıl Aypara Cəmiyyətinin 30 komandası zəlzələ ərazilərində işləyir.
Rəsmilər 30 min evin dağıdıldığını, iki kəndin yerlə-yeksan olduğunu açıqlayıblar. Sarpol-e-Zahabda dağıntılar arasından sağ qalmış bir qadın uşağı ilə çıxarılıb, İran mediası yazıb. Noyabrın 12-də gecə saatlarında İran-İraq sərhəddində 7,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Türkiyə, İsrail, Küveytdə, hətta Azərbaycanın Naxçıvan və cənub bölgəsində də hiss edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?