İraqın şimalında Peşmərgə adı ilə tanınan kürd qüvvələri baş nazir Heydər Əl-Abadini İŞİD-in məğlub edilməsində onların rolunu qeyd etmədiyinə görə tənqid edib.
İraqın baş naziri şənbə günü İslam Dövləti qrupunun İraqdan çıxarılması məqsədilə üç il davam edən müharibənin uğurla başa çatdığını elan edib.
“Bizim qüvvələr İraq-Suriya sərhədini tam nəzarət altına alıblar və beləliklə, mən İŞİD üzərində müharibənin sona çatdığını elan edirəm” o, Bağdadda İraq jurnalistləri üçün keçirilən mətbuat konfransında bildirib.
İslam Dövləti döyüşçüləri 2014-cü ilin yayında İraq ərazisinin təxminən üçdə bir hissəsini ələ keçirmiş və bununla İraq dövlətinin mövcudluğunu sual altına qoymuşdu. Üç ildən artıq bir vaxt ərzində ABŞ-ın başçılığı ilə koalisiyanın yardımı ilə İraq qüvvələri əraziləri geri qaytarmağa nail olub.
Kürd Peşmərgə döyüşçüləri Mosul ətrafında ərazilərə nəzarət edir Peşmərgə qüvvələri İŞİD-ə qarşı beynəlxalq koalisiyanın bir hissəsi olub.
Peşmərgə qüvvələrinin açıqladığı bəyanatda İŞİD-ə qarşı mübarizədə 1824 Peşmərgə döyüşçüsünün “şəhid olduğu”, 10 min çox döyüşçünün isə yaralandığı bldirilir.
ABŞ Dövlət Departamentinin İŞİD-in İraqda məğlub edilməsi ilə bağlı bəyanatında da Peşmərgə qüvvələrinin rolu qeyd edilməyib.
İraq parlamentinin kürd üzvü Bəxtiyar Şavays Amerikanın Səsi ilə müsahibədə İraqın baş nazirini Peşmərgə qüvvələrinin “verdiyi qurbanları” qeyd etmədiyinə görə tənqid edib.
“İraqın baş nazirinin çıxışı məzhəb əsasında qurulmuş çıxış idi və İraqın bütün icmaları üçün deyil, müəyyən qruplar üçün nəzərdə tutulmuşdu”, o bildirib. O həmçinin deyib ki, Peşmərgə qüvvələrinin adının çəkilməməsi İraq konstitusiyasına ziddir, çünki konstitusiyaya əsasən, Peşmərgə İraqın bütünlüklə müdafiə sisteminin bir hissəsidir.
İraq kürdləri və Abadi hökuməti arasında münasibətlər sentyabrın 25-də İraq kürdlərinin müstəqillik haqda referendumundan sonra pisləşib. Referendumda səsvermə əksəriyyətin kürdlərin mərkəzi Bağdad hökumətindən müstəqilliyinə səs verməsi ilə nəticələnib.
Noyabrın 20-də İraqın Ali Məhkəməsi səsverməni konstitusiyaya zidd elan edib./amerikaninsesi.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?