ABŞ prezidenti Donald Tramp 700 milyard dollarlıq müdafiə büdcəsi qanununu imzalayıb. Bunun 4, 8 milyard dolları Avropadakı hərbi xərclər üçün nəzərdə tutulub. Bu qanunda Ukraynanın müdafiə xərcləri artırılıb və yeni yer əsaslı qitələrarası ballistik raketin tikilməsi nəzərdə tutulub.
gundemxeber.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, 2018-ci il üçün Milli Müdafiə Qanunu ("2018 National Defense Authorization Act") adlanan bu sənəd ölkənin Müdafiə Nazirliyi və müvafiq dövlət strukturları üçün siyasi təlimat rolunu oynayır. Dekabrın 12-də Ağ Evdə Tramp Konqresi büdcənin maliyyələşdirilməsinin tezliklə icra edilməsinə çağırıb. Hərbi xərclərin milyardlarla ölçülən böyük bir hissəsi, əsası hələ Barak Obama tərəfindən qoyulmuş Avropada Çəkindirmə Təşəbbüsü üçün nəzərdə tutulub. Bu pullar Rusiyanın getdikcə artmaqda olan hərbi qüdrətindən narahat Şərqi Avropa ölkələrinə xərclənməlidir. ABŞ və NATO müttəfiqləri üç Baltikyanı ölkədə və Polşada kiçik quru qüvvələri birləşmələri yerləşdiriblər. Hərbi qüdrət baxımından o qədər də əhəmiyyətli olmayan bu birliklər Rusiyanın sərhədində daha çox simvolik məna daşıyır. ABŞ komandanları bundan başqa Şərqi Avropada zirehli döyüş briqadası yerləşdiriblər. Müdafiə büdcəsi qanununda Ukraynanın təhlükəsizliyinə, döyüş silahları daxil, 350 milyon dollar xərclənməsi nəzərdə tutulur. Xatırladaq ki, hərbi büdcəyə döyüş silahlarının daxil edilməsi Ukraynanın illərdən bəri gözlədiyi addım idi. Bu qanunda habelə yaralı Ukrayna əsgərlərinin ABŞ hərbi hospitallarında müalicəsi nəzərdə tutulur. Rusiyanın Soyuq Müharibənin əsas müqavilələrindən birinə zidd olaraq yeni qitələrarası ballistik raket hazırlaması barədə iddialardan hiddətlənən respublikaçı millət vəkilləri ABŞ müdafiə qanununa analoji raketin istehsalını əlavə ediblər. Rusiya bildirib ki, Birləşmiş Ştatlar bu raketin istehsalı barədə qərarın icrasına başlasa, bu, 1987-ci il Ortamənzilli Nüvə Raket Qüvvələri barədə müqavilənin sonu olacaq. Ötən həftə Dövlət Departamenti bildirmişdi ki, administrasiya “adi, yer əsaslı, ortamənzilli raket sistemləri” variantlarını və Rusiyanın sözü gedən razılaşmanı pozmasına başqa cavab tədbirlərini nəzərdən keçirir.
Sorğu
Yeni dizaynımız necədir?