ABŞ Prezidenti Donald Tramp, Qüdsü İsrailin paytaxtı olaraq tanıma qərarına qarşı Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə gətiriləcək layihənin lehinə səs verən ölkələrə qarşı maddi yardımın kəsiləcəyi ilə təhdid edib. Ancaq veto hüququnun olmadığı və sadə əksəriyyətin yetərli olduğu səsvermədə, ABŞ-ın utanc verici bir məğlubiyyət alması indidən gözlənilir.
Amerikanın xəbər kanalı CNN International, hansı ölkələrin ABŞ-ın təhdidlərinə boyun əyəcəyini araşdırıb.
Hərbi yardımı kəsmək çətindir
Hərbi yardım büdcələrinə baxdığın zaman bu səsvermədə ABŞ ilə eyni cərgədə olan İsraildən başqa, İraq, Əfqanıstan, Misir, İordaniya, Pakistan kimi ölkələrin bu təhdidi nəzərə alması lazımdır. 2016-cı ildə Vaşinqtondan 1,1 milyard dollarlıq hərbi yardım alan Misirin ABŞ-ın əleyhinə, BMT-dəki Qüds səsverməsini istəyən tərəf olması maraqlı bir vaziyyət yaradır. Trampın Sisi rəhbərliyinə yönəlik dəstəyi, bu səsvermədən sonra azalacaq kimi görünsə də, ABŞ-ın regiondakı planları üçün mühüm rol oynayan Misirə qarşı sərt mövqe qoyacağı bir çox ekspertlər üçün ehtimal olunmur. Bu ölkələrin siyasətlərini ABŞ siyasətlərinə yaxınlaşdırdığı üçün, İraq, Ukrayna və Pakistana hərbi yardımlarda da böyük bir kəsilmə gözlənilmir.
Afrika ölkələri ABŞ-ı dəstəkləyir mi?
Hərbi yardımlar üzərindən sanksiya tətbiq etməyəcək kimi görünən ABŞ, xarici ölkələrə inkişafla bağlı etdiyi yardımda daha rahat kəsintiyə gedə bilər. Trampın bu yardımlara qarşı olduqca şübhəli olması və bunu ifadə etməkdən belə çəkinməməsi, mütəxəssislərdə məhz bu istiqamətdə kəsintilərin olacağı fikrini yaradıb. 2016-cı ildə ABŞ-ın ən çox inkişafla bağlı yardım etdiyi ölkələr Əfqanıstan, İordaniya, Pakistan, Keniya, Efiopiya, Suriya, Cənubi Sudan, Demokratik Konqo, Nigeriya və İraqdır. Bunların arasında Afrika ölkələrinin Fələstinə dəstək məsələsində daha qorxaq olacağı ehtimal edilir. Ancaq yenə də Afrika ölkələri, ABŞ-dan kənarda da beynəlxalq yardım aldıqları üçün bu təzyiqə boyun əyməyə bilərlər. Bu ölkələr arasında Efiopiya və Cənubi Sudan, digər ölkələrə görə ABŞ yardımına daha çox ehtiyac duyduqları üçün Fələstini dəstəkləməyə bilərlər.
Çin Afrika üçün maneədir
Ancaq ABŞ-ın bölgədən çəkilməsi ilə Çinin Afrikaya yerləşə biləcəyini nəzərə alanda Vaşinqtonun burada da radikal bir kəsintiyə gedəcəyi ağlabatan görsənmir. Bazar ertəsi BMT TŞ-də və ABŞ-ın veto etdiyi Qüds səsverməsində şuranın 15 üzvündən 14-ünün qərarın lehinə səs verməsi, ABŞ-ın tək tərəfli Qüds qərarının beynəlxalq ictimaiyyətdə dəstək tapmadığını ortaya qoymuşdu. ABŞ-ın yaxın müttəfiqləri Böyük Britaniya və Yaponiyanın da Vaşinqtona bu mövzuda qarşı çıxması, digər ölkələri də Fələstini dəstəkləmək mövzusunda cəsarətləndirə bilər.
Sorğu
Yeni dizaynımız necədir?