Tehrandan İrəvana imtina kimi şərt; diplomatdan düşmənə iynəli mesajlar; ortaq layihələr üçün böyük sərmayələri işğalçı ölkə heç vaxt tapa bilməyəcək, əgər...
“Biz Ermənistan Respublikasına sərfəli qiymətə qaz sata bilərik. Bu məsələ müzakirə edilir və mən ümid edirəm ki, biz bu yöndə irəliləyişi görə biləcəyik”. gundemxeber.az xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Ermənistandakı səfiri Seyid Kazem Sacadi dünən İrəvanda bəyan edib. Onun sözlərinə görə, əgər Ermənistan energetika sferasında daha aktiv olsa, buna adekvat addımlar atılacaq ki, bu da “qonşu ölkədə yeni iş yerlərinin açılmasına gətirəcək”.
Diplomat daha sonra tərəflər arasında ortaq nəqliyyat layihəsinin mümkünlüyü haqda danışıb. “İran tərəfi onu Ermənistanla birləşdirən dəmir yolunun açılışına hazırdır. Ancaq bir şərtimiz var”. Səfir ardınca şərtin nədən ibarət olduğunu belə açıqlayıb: “İran-Ermənistan münasibətləri çox yaxşıdır. Əgər İrəvan investor tapsa, biz dəmir yolunu işə sala bilərik. Sadəcə, bu sahəyə birgə sərmayələr qoyulmalıdır. İlk addımı siz atın, növbətisini biz atarıq”.
*****
Əvvəla, təbii qazla bağlı: o, nə sərfəli qiymətdir ki, - hansı məsələ ətrafında müzakirə getdiyini bildirir, - bu haqda diplomat heç deməyib. Məsələ ondadır ki, İran 2013-cü ildən İrəvana “sərfəli qiymət” təklif edir, Ermənistan isə bu müddətdə “Qazprom”la yeni müqavilə bağlamağa üstünlük verib. Əlbəttə ki, ermənilər daha ucuz qazı İrandan almaq istəyərdilər, di gəl, Rusiya amili maneədir.
Dəmir yoluna gəlincə, əslində İran öz səfirinin dili ilə, diplomatik tərzdə Ermənistanı öz başından edib. Çünki İrəvan şübhəsiz ki, Tehranın investor tapmaqla bağlı tam məntiqli tələbini yerinə yetirmək iqtidarında deyil. Tapsaydı, bunu illər öncə edər, birgə layihə işə düşərdi. Dövlətlərarası infrastrukturu sırf öz pulu hesabına inşa eləmək isə ümumiyyətlə, işğalçı ölkənin imkanları xaricindədir. Səbəb məlum: həlli uzanan Dağlıq Qarabağ ixtilafı, sərhədlərin bağlı olması, blokada rejimi, müharibə şəraiti. Belə rejimdə Ermənistan xarici sərmayə üçün olduqca qeyri-cəlbedicidir təbii ki. Bunu Ermənistanın özündə də açıq şəkildə etiraf edirlər.
*****
“Sanki biz bölgədə yoxuq. Ermənistan de-yure Qafqazdadır. Ancaq o, buradan keçən heç bir layihədə yoxdur. Biz iqtisadi anlamda dalandayıq, bu səbəbdən heç kəs Ermənistana pul qoymur. Əgər əvvəllər ildə 3-4 milyard dollar investisiya alırdıqsa, ötən il bu rəqəm cəmi 120 milyon dollar olub. Bu, heç nədir. Situasiyanı həm də korrupsiya daha da qəlizləşdirir. Bu vəziyyətdə heç bir normal adam öz pulunu Ermənistana qoymağa risk eləməz”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri sabiq prezident Levon Ter-Petrosyanın rəhbəri olduğu müxalif “Ermənistan Milli Konqresi” partiyası sədrinin müavini Aram Manukyan “Vestnik Kavkaza” nəşrinə işğalçı ölkənin hazırkı durumunu şərh edərkən deyib.
Partiya yetkinlisi yaranmış vəziyyəti haqlı olaraq həll olunmamış Dağlıq Qarabağ probleminə bağlayıb: “Bəli, bu belədir. Müharibə ölkəni heç cür inkişaf etməyə qoymur. Axı iqtisadi inkişafdan ötrü sakitlik, stabil daxili siyasi və xarici siyasi vəziyyət lazımdır. Bizdə isə konflikt ucbatından belə bir şey yoxdur. Yarımmüharibə, yarımsülh - pul yatırmaq üçün məqbul mühit deyil. Ermənistan üçün ən böyük təhdid - həll olunmamış Dağlıq Qarabağ problemidir. Bu problemi həll eləmək lazımdır. Keçən il, parlament seçkilərinə gedərkən də onun həllini biz öz siyasi proqramımızda 1 nömrəli məsələ kimi qoymuşduq. Yalnız bizim partiya konfliktin nizamlanmasına dair proqramla çıxış eləmişdi. Biz başa düşürük ki, müharibənin bitməsi Ermənistanın inkişafı və inteqrasiyası üçün yeganə yoldur”.
*****
“Səfirin bu bəyanatlarının əlbəttə ki, əlavə izaha ehtiyacı var. Ki, erməni ictimaiyyəti anlasın ki, yekun etibarilə Ermənistan-İran əlaqələrinin dərinləşməsinə konkret hansı əngəllər mövcuddur. Bu, Rusiya tərəfidir, yoxsa problem həqiqətən həm Arazın bu, həm də o tayı ilə bağlıdır?”
“Yeni Müsavat”ın məlumatına görə, bunu isə erməni siyasi şərhçi Aram Amatuni 1 in.am nəşrindəki məqaləsində yazıb. Müəllifin qənaətinə görə, iranlı diplomatın açıqlaması iki reallıq fonunda xüsusilə diqqətçəkəndir: “Bunlar daxili və xarici reallıqlardır. Əvvəla, İran, deyəsən, qəlizləşən Suriya böhranı dalğasında bilmək istəyir ki, Ermənistan kimin yanındadır. İkincisi isə bu bəyanat şübhəsiz ki, Ermənistanda 2018-ci ilin aprelində gözlənilən siyasi final açılış fonunda maraq doğurur (parlamentli üsul-idarəyə keçid, yeni baş nazir və prezidentin seçkiləri nəzərdə tutulur - red.). Tehran əlbəttə ki, bu məsələyə də laqeyd deyil və hər şeydən göründüyü kimi, bu yöndə reaksiyanı yoxlamaq istəyir”.
*****
Əlbəttə ki, əsas səbəbi dağda-daşda axtarmağa ehtiyac yoxdur. İran səfiri aydın şəkildə rəsmi İrəvana, erməni toplumuna mesaj verib ki, konkret olaraq Qarabağ ixtilafı yoluna qoyulmayınca, Ermənistan müharibə və blokada vəziyyətindən çıxmayınca, onunla ortaq layihələr sırf arzu, yuxu olaraq qalacaq. Həm də Ermənistanın öz içindəki Rusiya amilinə görə...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?