Uzun müddət beynəlxalq maliyyə sistemlərindən kənarda qalması, sanksiyalar altında yaşaması İranı bir çox xarici ölkələrdəki banklar vasitəsilə maliyyə əməliyyatları apararaq dünya maliyyə sisteminə qoşulmağa sövq edir.
Bu sözləri Axar.az-a ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş üzvü Den Bartonun açıqlamasını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib. İqtisadçı bildirib ki, Qarabağdakı separatçı rejimin beynəlxalq SWİFT sisteminə qoşulması mümkün deyil:
“Yəni Dağlıq Qarabağda yerləşən işğalçı rejimin bankları ancaq Ermənistan üzərindən əməliyyatlar həyata keçirirlər. Bu isə Qarabağ bankları vasitəsilə əməliyyatlara başlamaqla, sonradan əməliyyatların kim tərəfindən aparılmasıyla bağlı izin itirilməsinə xidmət edir. Söhbət əməliyyatların aparılmasında əsas ilkin mənbə olan Ermənistan banklarından gedir. Uzun müddət beynəlxalq maliyyə sistemlərindən kənarda qalması, sanksiyalar altında yaşaması İranı bir çox xarici ölkələrdəki banklar vasitəsilə maliyyə əməliyyatları apararaq dünya maliyyə sisteminə qoşulmağa sövq edir. Beləliklə, İrana tətbiq edilən embarqoları yararaq bu ölkə ilə qanunsuz əməliyyatların aparılmasında bir çox ölkələrin, o cümlədən Ermənistanın da adı hallanır”.
Ekspert İranın Ermənistandakı rus bank filialları vasitəsilə də qanunsuz əməliyyatlar aparmasını istisna etməyib:
“Ermənistanda Rusiya bankları çox güclüdür. Rusiyanın bir neçə bankının birbaşa Ermənistan bazarında fəaliyyət göstərdiyini bilirik. İranın Rusiyanın Ermənistandakı bank filialları vasitəsilə hər hansı əməliyyatlar aparmasına dair faktlar üzə çıxarsa, İrəvan və Moskva pis vəziyyətdə qalacaq. Gələcəkdə ABŞ-la İran arasındakı maliyyə sektorlarına və İranın müxtəlif ərazilərdə qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirməsinə qarşı sanksiyalar sərtləşərsə, bir çox ölkələrdə, o cümlədən Ermənistanda bu sahəyə nəzarət daha da güclənəcək. Nəticədə İranın Ermənistan bankları, yaxud da Ermənistandakı rus bankları vasitəsilə müxtəlif əməliyyatlar apardığı üzə çıxacaq, belə olan halda isə nəinki Ermənistan, eyni zamanda, Ermənistandakı rus banklarına qarşı da müəyyən maliyyə sanksiyaları tətbiq ediləcək”.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş üzvü Den Barton İranın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda fəaliyyət göstərən erməni banklarına sərbəst çıxışa sahib oldğunu iddia edib. Onun sözlərinə görə, İran bu banklardan nüvə və raket proqramlarını, hətta Yaxın Şərqdəki terrorçu qrupları maliyyələşdirmək üçün istifadə edə bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?