Trampın Putinə təbrik zəngi Rusiya rəhbərliyini ümidləndirmişdi.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın 60 rus diplomatının qovulması ilə bağlı qərarını şərh edən politoloq Şahin Cəfərli deyib. Politoloq bidirib ki, ABŞ-ın bu qərarı son 1-2 ildə Moskvada növbəti dəfə “Tramp məyusluğu”nun yaşanmasına səbəb olub:
“ABŞ Avropa Birliyi ölkələri kimi Britaniya ilə həmrəylik əlaməti olaraq simvolik addım da ata bilərdi, amma Sietldəki Rusiya Baş Konsulluğunun bağlanması, 60 rus (12-si BMT-də çalışır) diplomat-kəşfiyyatçısının “arzu olunmayan şəxs” elan olunması sərt qərardır. Məsələn, ABŞ Soyuq müharibə dövründə eyni anda bu sayda Sovet diplomatik xidmət personalını ölkədən çıxarmamışdı. Artıq Tramp dövründə Rusiyanın ABŞ-dakı 4 Baş Konsulluğundan ikisi (San-Fransisko və Sietl) bağlanıb. Qəbul olunan qərarlara əsasən, ABŞ və digər Avropa ölkələrindən 100-dən çox Rusiya diplomatı çıxarılıb. Britaniya isə ölkə ərazisində rusiyalılar tərəfindən mənbəyi şübhəli olan pullarla alınmış əmlaka həbs qoymağa başlayıb. Yanvarın sonunda qüvvəyə minmiş “Kriminal maliyyə vəsaitləri haqqında” yeni qanuna əsasən, dövlət orqanları 50 min funt sterlinqdən artıq dəyərdə əmlak, mal-mülk almış əcnəbilərdən gəlirlərinin mənbəyini soruşmaq hüququna malikdir. Bunu inandırıcı şəkildə izah edə bilməyənlərin əmlakına həbs qoyulacaq”.
Sorğu
Yeni dizaynımız necədir?