“Sarkisyanı rədd edək” cəbhəsi Yerevanda müddətsiz etiraz aksiyası keçirib. Əsas prospektləri bağlayan vətəndaş fəalları Serj Sarkisyanın baş nazir olmasına qarşı çıxıblar.
gundemxeber.az AZƏRTAC-a istinadla xəbər verir ki, aksiya iştirakçıları Respublika Partiyasının yerləşdiyi ərazidə Tiqran Mets küçəsini bağlayaraq hökumət əleyhinə kəskin şüarlar səsləndiriblər. Etirazçıları ərazidən uzaqlaşdırmağa çalışan polisin cəhdlərinə baxmayaraq, vətəndaş fəalları aksiyanı davam etdiriblər. Etirazçılar bildiriblər ki, 11 gün əvvəl “Çıxış” fraksiyası hökumət əleyhinə “Mənim addımım” yürüşünə başlayıb. Aksiyaya yüzlərlə tərəfdar və vətəndaş təşəbbüsünün iştirakçıları qoşulublar. Onlar 195 kilometr uzunluğunda, 300 min addımlıq yolu qət edərək respublika meydanınadək gedəcəklər. Bu gün saat 18:30-da gecə-gündüz mitinqi başlayacaq. Mitinqin hədəfi parlamentin bütün çıxışlarını bağlamaq üçün yetərincə adam toplamaq və deputatların Serj Sərkisyanın baş nazir olması üçün səs verməsinin qarşısını almaqdır. Əgər Serj Sərkisyanın seçilməsi üçün parlamentin iclası iki dəfə pozularsa, o zaman parlament buraxılacaq və məclisə yeni seçkilər təyin olunacaq. Aksiya iştirakçıları ölkə vətəndaşlarını mühacirətə, durğunluğa qarşı addım atmaq üçün mərkəzi meydanda keçiriləcək mitinqə qoşulmağa çağırıblar. Artıq Yerevan Dövlət Universitetinin tələbələri bu gün keçiriləcək mitinqdə fəal olacaqlarını bəyan ediblər. Bununla bağlı çağırış vərəqələri yayan gənclər polisin təzyiqi ilə üzləşiblər. “Yelk” partiyasından olan deputatlar isə özünəməxsus etiraz aksiyası keçiriblər. Çıxış üçün parlamentin tribunasına qalxan Ararat Mirzoyan ölkə əhalisini Serj Sərkisyanın baş nazir postuna irəli sürülməsi ilə əlaqədar partiyaları tərəfindən keçiriləcək etiraz aksiyasında iştiraka çağırıb. Sonra o, cibindən tüstü şaşkasını çıxaraq yandırıb. “Yelk” partiyasının digər deputatı Lena Nazaryan da ona qoşulub. Parlamentin binasını tüstü bürüyüb. Deputatlar etirazlarını “bizə Ermənistanı təcrid və məhv edən hökumət lazım deyil” şüari ilə bildiriblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?