Özbəkistan prezidenti Şəfkət Mirziyoyevə yaxınlaşmaq istəyən altı özbək qadın həbs olunub. Həmin qadınlar ölkə başçısına özlərinin və ailələrinin polislə, prokurorla yaşadıqları problemlərdən şikayətlənmək istəyiblər.
Daşkənddən hüquq müdafiəçisi Tatyana Dovlatova AzadlıqRadiosuna deyib ki, iyulun 23-də prezident aparatının qarşısına yığılmış 30 qadın saxlanıb.
Onlardan altısına sonradan kiçik xuliqanlıq ittihamı ilə 15 sutkalıq həbs cəzası kəsilib. Digərləri altı saat polisdə saxlandıqdan sonra buraxılıblar.
Yakka Saroy polis şöbəsindən AzadlıqRadiosu-nun suallarını cavablandıran tapılmayıb.
Dovlatova bildirib ki, qadınlar prezidentlə görüşüb ailə üzvlərinin polisdə, təcridxanalarda başlarına gələnlərdən, digər məsələlərdən danışmaq istəyiblər.
2016-cı ildə İslam Kərimovun ölümündən sonra hakimiyyətə gələn Mirziyoyev məmurlarla sıravi vətəndaşları arasında açıqlığa, daha sıx münasibətlərin qurulmasına çağırıb.
Mirziyoyev adamların problemlərini səsləndirməsi üçün onlayn “virtual qəbul” da yaradıb.
Dovlatova həmin qadınların onlayn sistemdə qeydiyyatdan keçə bilmədiyi üçün prezidentlə birbaşa görüşmək qərarına gəldiyini deyib.
Mirziyoyevin mətbuat xidməti də məsələni şərh etməyib, radioya həbs olunmuş qadınlar barədə məlumatı olmadığını deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?