ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyanın şimalında İslam Dövləti qrupunun nəzarətində olan ərazilərdə keçirdiyi hava hücumları zamanı onlarla mülki vətəndaşın ölümülə bağlı məlumatları təkzib edib.
Suriyanın dövlətə məxsus mediası, müharibəni müşahidə edən monitorinq qrupu və İslam Dövləti qrupu ilə əlaqədar olan xəbər agentliyi şənbə günü koalisiyanın hava hücumları zamanı çoxu qadın və uşaq olmaqla, 40 nəfərin öldüyü haqda məlumat verib.
Koalisiyanın şənbə günü açıqladığı bəyanatda deyilir ki, koalisiya qüvvələri İslam Dövləti qrupuna qarşı quru əməliyyatlarına dəstək məqsədilə həmin ərazilərdə cümə günündən başlayaraq 19 hava hücumu keçirib. Bəyanatda zərbə endirilən bütün hədəflərin “qanuni” olduğu və həmin ərazidə mülki əhalinin olmadığı bildirilir.
Bəyanatda həmçinin deyilir ki, ərazidə digər 10 hücum koalisiya qüvvələri tərəfindən həyata keçirilməyib.
Suriya və Rusiya militantlara qarşı mütəmadi olaraq aviazərbələr endirməyə davam edir. İraq da öz növbəsində İslam Dövləti qrupuna qarşı sərhəddən hücumlar həyata keçirir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?