Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən TRT telekanalına verdiyi müsahibədə “Fətullahçı terror təşkilatı-FETÖ” ilə aparılan mübarizə barədə danışıb. Ərdoğan deyib ki, terrorçubaşının Pensilvaniyadan Türkiyəyə gətirilməsi üçün ABŞ tərəfinə dəfələrlə müraciət edilib. Və nəhayət FTB müəyyən araşdırmalara başlayıb. “Təmənnam budur ki, FTB-nin araşdırmaları nəticəsində artıq bu məsələ ilə bağlı qərar veriləcək. Amma FETÖ terror təşkilatının Konqresə qədər uzanan ayaqları var”-Ərdoğan deyib.
Türkiyə prezidenti bildirib ki, amerikalı həmkarı Donald Trampla bundan sonrakı görüşlərində də Fətullah Gülənin təhvil verilməsi məsələsini qaldıracaq.
“Məsələn, dünyadakı bir çox ölkə artıq bunların lider statusundakı şəxslərini bizə təslim etməyə başladılar. Ən son Azərbaycandan yenə çox-çox önəmli şəxsi bizə sağ olsun İlham Əliyev qardaşım, təslim etdi. Daha əvvəl verilənləri də vardı. Eyni şəkildə Kosovodan yeddi dənəsi alındı. Təsəvvür edə bilirsinizmi, bunlar oralarda hökumətləri devirəcək hala gəlmişdi”-Ərdoğan bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakıda “Zaman” qəzetinin Bakı mətbəəsinin sahibi İbrahim E. adlı Türkiyə vətəndaşı saxlanılıb. Həmin şəxs Türkiyəyə təhvil verilib. Türkiyə tərəfi onu FETÖ üzvü kimi axtarışa vermişdi. Ötən ilin dekabrında isə Bakıda fətullahçı müəllim Mehmet Gelen həbs edilmişdi və MİT-in əməliyyat qrupuna təhvil verilmişdi. Ərdoğanın “çox-çox önəmli FETÖ-çü” dedikdə onlardan hansını nəzərdə tutduğu məlum deyil./Virtualaz.org
Sorğu
Yeni dizaynımız necədir?