Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq bəyanatla çıxış edərək penitensiar müəssisələrdə məhbusların hüquqlarının pozulması və işgəncə verilməsi praktikasını pisləyib.
"Penitensiar Xidmətdə məhbuslara qarşı qeyri-insani rəftar, işgəncələr, korrupsiya, şantaj və digər ağır cinayətlər açıq və kütləvi xarakter daşıyır", bəyanatda deyilir.
Hüquq-müdafiə qurumu hesab edir ki, Penitensiar Xidmət Azərbaycan Respublikasının "Cəzaçəkmə yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqları haqqında" qanuna əməl etmir, Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına məhəl qoymur və bununla da beynəlxalq arenada dövlətin imicinə xələl gətirir.
"Bloger Mehman Hüseynovun barəsində yeni cinayət işinin saxtalaşdırılması dünya ictimaiyyətinin tənqid və təzyiqlərinə səbəb oldu, ancaq Penitensiar Xidmətin məsul işçiləri cəzalandırılmadı.
Hazırda "Nardaran hadisələri" üzrə mühakimə olunan Abbas Hüseynov, Cabbar Cabbarov və Taleh Bağırzadəyə qarşı ağır, amansız işgəncələrlə bağlı məlumat var. Onlar dözülməz şərait səbəbindən aclıq elan ediblər. Biz, Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq baş prokurora müraciət edərək Penitensiar Xidmətin işçilərinin, əsasən Qobustan qapalı həbsxanasının rəisi Avtandil Ağayevin qanunsuz əməllərinin araşdırılmasını xahiş edirik", sənəddə deyilir.
Penitensiar Xidmət bir qayda olaraq cəzaçəkmə yerlərində işgəncə və qeyri-insani rəftar halları ilə bağlı məlumatları təkzib edir. Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi insanların cəzaçəkmə müəssisələrində qanunvericilik əsasında daxili intizam qaydalarına uyğun saxlanıldığını bildirir.
Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq 2018-ci ilin sonlarında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, "Tolışi sado" qəzetinin baş redaktoru Hilal Məmmədov tərəfindən təsis edilib
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?