Məktubda, Türkiyə hökumət nümayəndələrinin İsrail əleyhinə açıqlamalara son qoyulması tələbi irəli sürülüb
ABŞ Nümayəndələr Palatasının 46 üzvünün imzası ilə Türkiyə prezidenti Abdullah Gülə məktub göndərilib. Məktub Palatanın xarici işlər komitəsinin üzvləri Brad Schneider, Randy Weber, Lois Frankel və Mark Meadows tərəfindən hazırlanıb və komitə sədri Ed Royce daxil olmaqla, həm Demokrat, həm Respublikaçılardan 46 senator da imza atıb.
Məktubda, Türkiyə hökumət nümayəndələrinin İsrail əleyhinə açıqlamalara son qoyulması tələbi irəli sürülüb.
Türkiyənin NATO-yə göstərdiyi kritik yardımlara, Əfqanıstanda və terrorla mübarizədə ABŞ-la həmrəylik göstərməsi və yüz minlərlə Suriyalı qaçqınlara qapılarını açmasına toxunan məktubda ABŞ-Türkiyə əlaqələri xüsusi diqqətə çatdırılıb: “Bu əməkdaşlıq və dostluq kontekstində sizi, hökumət nümayəndələrini İsrail əleyhinə sərt ifadələr işlətdiklərinə görə ictimai qınağa çəkməyə çağırırıq. Bu cür ifadələrin demokratiyada yeri yoxdur və ölkələrimiz arasındakı əlaqələrdə lazımsız problemlərə səbəb olur”.
Məktubda bildirilir ki, Nümayəndələr Palatasının üzvləri mart ayında baş nazir Rəcəb Tayyib Ərdoğana məktub göndərərək, sionizmi “insanlığa qarşı cinayət” kimi xarakterizə edən şərhlərini geri götürməyə dəvət etmişdilər: “Təəssüf ki, hələ də bir cavab almamışıq, əvəzində isə İsrail əleyhinə açıqlamaların daha da artdığını görürük. Baş nazir, son dəfə Gəzi Parkında başlayan etirazlarla əlaqədar olaraq, yəhudilərə eyham vuraraq, “faiz lobbisi” daxil olmaqla bütün xarici qüvvələri tənqid edib. Baş nazir müavini Bəşir Atalay da, narahatçılığımızı artıraraq “Yəhudi diasporası”nı Türkiyədəki aksiyaları təşviq etməklə ittiham edib”.
Senatorlar məktubda, ABŞ və Türkiyənin daha böyük miqyasda regional və qlobal sabitliyin bərpası üçün uzun müddətdir birlikdə çalışdığını və bu ittifaqı daha da möhkəmləndirəcəklərinə ümid etdiklərini bildiriblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?