“Şəhərin nəbzini tutmağın ən yaxşı yolu onun küçələrini, xiyabanlarını gəzməkdir,” Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul merliyi uğrunda seçkilərdəki namizədi Əkrəm İmamoğlu ABŞ-ın nüfuzlu Washington Post qəzetindəki məqaləsində yazır. “Mənim ən sevimli işlərimdən biri budur və bu, mənim seçki kampaniyamın əsas ünisyyət metoduna çevrildi.”
Vətəndaşları nəhəng mühəndislik layihələri maraqlandırmır. Şəhərdəki yoxsulluğa və ədalətsizliyə diqqət yetirmək lazımdır. Seçkilərdə qazandığı qələbənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) səyləri nəticəsində ləğv olunmasından sonra təkar seçkilərə qatılan xarizmatik türk siyasətçi ölkədə mövcud olan ağır siyasi atmosferin çətinliklərinə sinə gərərək Türkiyənin ən iri şəhərinin sakinlərinin etimadını yenidən qazanacağına əminliyini ifadə edib.
“Hakim AKP ölkəmizdə media landşaftına nəzarət edir və ona qarşı çıxan istənilən adam üçün mübarizəni son dərəcə çətinləşdirməyə can atır. Belə bir şərait isə ilk növbədə insanlarla birbaşa təmas qurmağı diktə edir,” İmamoğlu yazır Onun sözlərinə görə, 25 ildir ki, İstanbulu idarə edən siyasi qüvvələr AKP rəhbəri Rəcəb Tayyib Ərdoğanın sərt siyasi taktikalarını öz fəaliyyətində əks etdirir.
Rəqibinin təcrübəli siyasətçi, sabiq nazir, parlament lideri və baş nazir olduğunu vurğulayan İmamoğlu yazır ki, onun mübarizəsi ideologiyasından asılı olmayaraq insanlarla təmas quraraq, “müxtəlifliyin zəiflik yox, güc mənbəyi olduğunu nümayiş etdirməyə” söykənir.
“Bu günün Türkiyəsində sadə insanlara qulaq asan hər bir siyasətçi reallığı tez görür: Əgər iqtisadi çətinlikləri, sosial ədalətsizliyi aradan qaldırmaq haqda danışmırsansa, adamlar sənə qulaq asmayacaqlar,” İmamoğlu seçki prosesindən çıxardığı nəticəni paylaşır. “Vətəndaşların nəhəng mühəndislik layihələrinə və iri investisiya strategiyalarına nə vaxtı, nə də marağı var. Şəhərdəki yoxsulluğa və ədalətsizliyə diqqət yetirmək lazımdır.” “Mənim mesajım budur ki, İstanbula daha diqqətcil və cavabdeh mer lazımdır,” İmamoğlu bəyan edir.
Küçələrdə hər gün 155,000 seçki könüllülərinin bu amacla çalışdığını önə çəkən CHP namizədi əmindir ki, 23 iyun seçkilərində zəfər çalacaq.
“Plüralizm bizim düşmənimiz deyil – istər vətəndə, istərsə də dışarıdakı dünyada. Biz onu qəbul etməli və müxtrəlifliyin gətirdiyi gücə arxalanmalıyıq.”
Mayın 6-da Türkiyənin hakimiyyət orqanları İstanbulda bələdiyyə seçkisinin nəticələrini ləğv edib. Türkiyə Ali Seçki Şurası prezident Recep Tayyip Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının şikayəti əsasında 7 səs leyhinə, 4 səs əleyhinə olmaqla, müxalifət namizədi Ekrem İmamoğluna qələbə gətirmiş nəticələri ləğv edib. Müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) namizədi Əkrəm İmamoğluna ötən ay İstanbul bələdiyyə rəisinin mandatı verilmişdi.
Sorğu
Yeni dizaynımız necədir?