Böyük Britaniyada Mühafizəkarlar Partiyasının liderliyinə, o cümlədən Baş nazir postuna iki əsas namizəddən biri olan Boris Consonun qonşuları onu polisə verib.
Gundemxeber.Az xəbər verir ki, Boris Consonun qonşuları gecə saatlarında onun evindən dava-dalaş səsi eşidiblər. Siyasətçinin qəfiqəsi Kerri Saymonds "məndən əl çək, rədd ol evdən”,- deyə qışqırırmış.
Qonşular dərhal polisə zəng ediblər. London polisindən BBC-yə bildirilib ki, onlar şikayətdən sonra hadisə yerinə gəlib, orada yaşayanların hamısı ilə danışıblar: "Xəsarət alan olmayıb. Müdaxilə üçün də əsas olmadı”.
Siyasətçinin nümayəndəsi isə BBC-nin bu məsələ barədə sualına şərh vermək istəməyib.
Amma polisə zəng edən qonşu "The Guardian” qəzetinə açıqlamasında deyib ki, Boris Consonun sevgilisi ilə birlikdə yaşadığı evdən zərbə səsləri də eşidib. O, eşidilən səsləri diktofon vasitəsilə yazıb, jurnalistlərə də təqdim edib.
Həmin səs yazılardan aydın olur ki, qadın Consondan evi tərk etməyi tələb edir, o isə bundan imtina edir. Həmçinin sevgilisindən "kompüterin üstündən düşməyi” tələb edir. Daha sonra hansısa əşyanın yerə çırpılması səsi eşidilir.
Səs yazısından aydın olan həm də budur ki, sevgilisi siyasətçini divanın üstünə qırmızı şərab tökdüyünə görə danlayır: "Heç nəyin qayğısına qalmırsan. Çünki vecsiz, ərköyünsən. Başqa hər şey kimi, pul məsələsi də sənin vecinə deyil”.
B.Conson mühafizəkarların lideri postuna əsas namizəddir. O, bundan öncə Tereza Meyin Baş nazirliyi dövründə xarici işlər naziri, 2008-2016-cı illərdə isə Londonun meri olub.
Conson 2018-ci ilin iyulunda Tereza Meyin Brexit planına etiraz olaraq istefa verib. Hazırda liderlik mübarizəsində onun əsas rəqibi hazırkı baş nazir Ceremi Hantdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?