Müxalifətin uğurunun xaricdəki bəzi çevrələri hakim partiyaya qarşı fəallaşmağa şirnikləndirəcəyi də istisna olunmur...
İyunun 23-də İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində ana müxalifətin - Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırıma qalib gələrək, İstanbul Böyükşəhər Bələdiyyə başqanı seçildi. Hakim AK Partiyanın namizədi Binəli Yıldırımın və prezident Rəcəb Tayyib Ərdoğanın qələbə münasibətilə müxalifət namizədini təbrik etməsi, seçkilərin demokratik keçirilməsi dünya üçün müsbət nümunə hesab edilir.
Martın 31-də keçirilən seçkilərdə paytaxt Ankara daxil olmaqla, ölkənin iri şəhərlərinin əksəriyyətində müxalifət namizədlərinin bələdiyyə başqanı seçilməsi də demokratik seçkilərin nəticəsi kimi qəbul edilir. Qardaş ölkədə demokratik seçkilərin keçirilməsi, müxalifət namizədinin qələbəsinin tanınması, böyük şəhərlərdə yerli özünüidarəetmənin müxalifətin əlinə keçməsi bu ölkəyə qarşı son illərdə müşahidə olunan sərt beynəlxalq münasibətə necə təsir edə bilər?
Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Türkiyədə yerli seçkilərin nəticələrinin bütünlükdə Türkiyənin xarici siyasətində hər hansı dəyişiklik yaradacağına, eyni zamanda bu səbəbə görə xaricdən olan münasibətlərdə ciddi fərqli yanaşmalar olacağı ehtimalı azdır: “Əgər dəyişiklik olacaqsa belə, bu seçkilərin nəticələri ilə bağlı olmayacaq. Münasibətlərin gərginləşməsi səbəblərinə baxanda burada dövlətin siyasətində olan konkret sahələr üzrə Qərb ölkələri ilə fikir ayrılığını görürük. Türkiyəyə qarşı olan xarici təzyiq seçkilərlə bağlı deyil ki, seçki demokratik keçirildiyi üçün təzyiq də aradan qalxsın. Ona görə də hesab edirəm ki, bu seçkilər hələ sərt münasibətlərə son vermək üçün əsas olmayacaq. Həmçinin Türkiyə bələdiyyələrinin hamısında müxalifət qalib gəlməyib. Bəli, əsas böyük və strateji əhəmiyyət kəsb edən bələdiyyələrin sədrləri müxalifətdəndir. Amma həmin bələdiyyələrin çoxunda qərarlara təsir edən Bələdiyyə Məclisi üzvləri müxalifətdən deyil və bu da müəyyən çətinliklər yaradacaq. İstər Türkiyə daxilində, istərsə də xaricdə bu seçkilərin nəticələri bu gün üçün yox, perspektiv üçün müxalifətin qələbəsi yolunda mühüm bir tramplin kimi dəyərləndirilir. Çünki müxalifətin bələdiyyə sədri postu qazandığı şəhərlərdə yaşayan əhalinin sayı toplam Türkiyə əhalisinin yarısından çoxdur. CHP isə ittifaqla olsa belə Türkiyənin ən böyük şəhərlərinin bələdiyyə sədrlərinin əksəriyyətini qazanıb. Əgər uğurlu siyasət aparılarsa, bu faktor növbəti və ya növbəsiz prezident seçkilərində AK Partiya üçün siyasi anlamda böyük təhlükə mənbəyinə çevrilə bilər. Amma artıq bu səbəbdən ortada bir panika olduğunu hiss etdiyim üçün düşünürəm ki, bu təhlükəni hakim partiya indidən görür. Türkiyədə bələdiyyə seçkilərində uğur qazanan partiyanın parlament seçkilərində, hazırda isə yeni konstitusiyaya görə əsas seçki olan prezident seçkilərində qələbə şansları hər zaman yüksək olub”.
Politoloq Əhəd Məmmədli isə bildirdi ki, Türkiyədə böyük şəhərlərin əksəriyyətində müxalifətin bələdiyyələri qazandığı barədə təbliğat əsaslı deyil: “Böyük şəhərləri müqayisə edəndə hesab yarı-yarıdır, Bursa, Kayseri, Trabzon kimi şəhərlərdə iqtidar qalib gəlib. Amerikanın Türkiyəyə elan etdiyi iqtisadi müharibə, maliyyə savaşı, lirənin düşüşü, işsizliyin artımı üstəlik suriyalı qaçqınların axını AK Partiya iqtidarı üçün təsirsiz ötüşmədi. Nəticədə bələdiyyə seçkilərində bəzi böyük şəhərlərdə özünü göstərdi. Hesab edirəm ki, seçkinin demokratik keçirilməsi qardaş ölkənin dünyaya bir demokratiya nümunəsi göstərməsidir və dünyada bu, Türkiyəyə münasibətə müəyyən müsbət dividentlər gətirəcək. Lakin eyni zamanda İstanbul, Ankara başqa böyük şəhər bələdiyyələrində müxalifətin qalibiyyəti daxili və xarici qüvvələri qardaş ölkəyə qarşı daxildə növbəti provokasiyalar, sabotajlar təşkil etməyə həvəsləndirə bilər. Həmçinin Rusiya ilə “S-400” müqaviləsi əldə bəhanə edilib Türkiyəyə qarşı ciddi sanksiyalar tətbiq edilə bilər.
Artıq bunun işartıları da var. Vaşinqton Ankaraya açıq-aydın hədə-qorxu gəlir. Bu da Türkiyədə iqtisadi böhranı daha da dərinləşdirə bilər. Bundan da istifadə edib müxalifəti küçələrə çıxarda bilərlər. AK Partiya iqtidarı bu ehtimalı gözdən keçirir. Ona görə də dövlət olaraq müxalif qüvvələrə rəsmi və qeyri-rəsmi müstəvidə lazımi təmaslara keçib tövsiyələrini, xəbərdarlıqlarını ediblər. Müxalifət hələlik bu tövsiyələrə, xəbərdarlıqlara uymuş görünür. Onlar üçün yaxşı olar ki, sona qədər ölkələrində hüzuru qeyri-konstitusion yolla pozmağa cəhd etməsinlər. Əks halda, Gəzi olayları, geniş miqyaslı PKK terroru, hərbi xunta sınaqlarından keçən AK Partiya iqtidarı hər sabotaj, provokasiya, anti-konstitusion addımları yerindəcə qarşısını almağa yaxşı bilir. İstər xaricdən, istər daxildən hər bir hücuma türk dövləti oyaqdır və qarşısını almağa qadirdir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?