“Reuters” agentliyi İranın İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” qüvvələrinin komandanı, general Qasım Süleymaninin öldürülməsi əməliyyatına dair sensasion araşdırma yayıb.Araşdırmaya əsasən general həmin gün-yanvarın 3-də Dəməşq aeroportuna tünd qara şüşəli avtomobillə gəlib. İnqilab Keşikçiləri Korpusunun biri general olmaqla daha dörd zabiti onu müşaiyət edirdi.
Süleymaninin və onu müşaiyət edənlərin avtomobilləri birbaşa Dəməşq-Bağdad reysi ilə uçmağa hazırlaşan, “Cham Wings” hava yolları şirkətinə məxsus Airbus A320 təyyarəsinin trapına yan alıb. Lakin Süleymani və onu müşaiyət edənlər sərnişin qismində qeydə alınmayıblar. “Cham Wings” aviaşirkətinin əməkdaşı anonimlik şərti ilə bildirib ki, onların adları sərnişinlər siyahısında yox idi.
İraqın təhlükəsizlik xidmətinin əməkdaşı- iranlı generalın qorunması tədbirləri ilə tanış olan mənbə deyib ki, Süleymani təhlükəsizliyi ilə bağlı artan narahatlığa görə öz şəxsi təyyarəsindən istifadə etmirdi. Livan, Suriya, İraq arasında adi reyslərlə gedib-gəlirdi. Lakin həmin adi sərnişin reysi də Süleymani üçün sonuncu oldu. Generalın və onu müşaiyət edənlərin olduqları zirehli ciplər Bağdad aeroportunu tərk edəndən bir neçə dəqiqə sonra ABŞ-ın MQ-9 Reaper pilotsuz kəşfiyyat təyyarəsindən dalbadal buraxılan raketlər onların həyatına son qoydu. İnqilab Keşikçiləri Korpusunun dəstəklədiyi və silahlandırdığı “Haşdi Şabi” qruplaşmasının komandir müavini, Süleymanini qarşılamaq üçün Bağdad aeroportuna gedən Əbu Mehdi əl-Mühəndis də onunla birlikdə o dünyaya yola salındı.
Agentlik yazır ki, İraq təhlükəsizlik orqanları raket hücumundan bir neçə dəqiqə sonra araşdırmaya başlayıb və Süleymanini ABŞ-a kimlərin satdığını aşkara çıxara bilmək üçün aeroporta giriş-çıxışı bağlayıb. Aeroportun təhlükəsizlik xidmətinin onlarla əməkdaşı, o cümlədən polislər, pasport xidmətinin əməkdaşları və kəşfiyyat agentləri öz iş yerlərini tərk edə bilməyiblər.
Müstəntiqlər diqqəti buna yönəldilər ki, Dəməşq və Bağdad aerportlarındakı şübhəlilər amerikalı hərbçilərlə Süleymanini izləmək üçün necə əməkdaşlıq ediblər. İraq təhlükəsizlik xidmətinin iki əməkdaşı və Bağdad aeroportunun iki əməkdaşı, o cümlədən mənzil-qərargahı Dəməşqdə yerləşən “Cham Wings Airlines” kommersiya hava yolları şirkətinin iki əməkdaşı təhqiqatın necə getdiyini danışıblar. Onlar bildiriblər ki, təhqiqata İraq baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Falih əl-Fayad rəhbərlik edir.
İraq təhlükəsizlik xidmətlərinin müstəntiqləri “qəti əmindirlər ki, Bağdad aeroportundakı casus şəbəkəsi Süleymaninin gəlişi barədə məlumatları ABŞ-a sızdırıblar”. İraq təhlükəsizlik xidmətinin bir əməkdaşı belə deyib.
Şübhəlilər arasında aeroportun təhlükəsizlik xidmətinin iki əməkdaşı və “Cham Wings “ şirkətinin iki əməkdaşı, habelə Dəməşq aeroportundakı casus və bilavasitə təyyarənin göyərtəsində işləyən daha bir casus yer alır. Milli təhlükəsizlik agentləri hesab edirlər ki, dörd şübhəli Amerika hərbçilərinə məlumat ötürən daha geniş qrupun tərkibində yer alırlar. Hazırda onlar həbs edilməyib, “Cham Wings” şirkətini iki əməkdaşı da Suriya kəşfiyyatının təhqiqatı altındadır.
Bağdadda isə təhlükəsizlik xidməti aeroportun iki əməkdaşı ilə bağlı araşdırma aparır. “İstintaq qrupunun ilk qənaətinə görə, Süleymani barədə ilk informasiya Dəməşq aeroportundan ötürülüb”,-mənbə deyib.
ABŞ rəsmi nümayəndələri isə anonimlik şərti ilə bildiriblər ki, Birləşmiş Ştatlar raket zərbələrindən bir neçə gün əvvəldən Süleymaninin hərəkətlərini diqqətlə izləyirdi Lakin hərbçilərin onun yerini hücum gecəsi necə müəyyən etdikləri açıqlanmayıb.
“Cham Wings” şirkətinin meneceri isə onlara bu hadisəni şərh etməyin qadağan edildiyini deyib.
Kamera görüntülərinə əsasən Süleymaninin olduğu təyyarə Bağdad aeroportuna yanvarın 3-də gecə saat 00.30 də enib. General və onun mühafizəçiləri təyyarədən pilləkənlərlə eniblər və gömrük nəzarətindən yan keçərək birbaşa aeroportu tərk ediblər. Əl-Mühəndis onu təyyarənin trapı qarşısında qarşılayıb və onlar aeroportun binasından çıxaraq zirehli cipə əyləşiblər. Generalı mühafizə edənlər isə ikinci zirehli cipə oturub. Aeroportun təhlükəsizlik xidmətinin əməkdaşları görüblər ki, hər iki maşın aeroportdan şəhərə gedən mərkəzi yola daxil olub. İlk iki Amerika raketi general Süleymani və əl-Mühəndisin olduğu avtomobilə saat 00.55-də dəyib. Cəmi bir neçə saniyə sonra üçüncü raket generalı müşaiyət edənlərin zirehli avtomobilini vurub.
“Reuters” bildirir ki, Süleymani oktyabrın əvvəllərindən başlayaraq Amerika qüvvələrinə qarşı İraqda hücumları güclndirmişdi və şiə yaraqlılarını bu hücumları həyata keçirmək üçün silahla təchiz edirdi.
İraq təhlükəsizlik xidmətlərindən deyiblər ki, Süleymaninin öldürülməsindən bir neç saat sonra müstəntiqlər aeroportun gecə növbəsinin bütün əməkdaşlarının telefon zənglərini, mesajlarını yoxlayıb. Müstəntiqlər aeroportun təhlükəsizlik xidmətinin əməkdaşlarını və “Cham Wings” şirkətinin heyət üzvlərini saatlarla dindirib. Təhlükəsizlik xidmətinin bir əməkdaşı deyib ki, müstəntiqlər onu 24 saat sorğu-sual etdikdən sonra buraxıblar. “Onlar mənə bir milyon sual verdilər”,-əməkdaş deyib.
Dindirmə zamanı müstəntiqlər ondan Süleymaninin təyyarəsi enənə qədər kimlərə zəng vurduğunu, kimlərlə danışdığını soruşdublar. İstənilən şübhəli məqamı araşdırıblar, mobil telefonunu əlindən alıblar.//virtualaz.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?