ABŞ prezidenti Donald Tramp Amerikanın Bağdadda İranın nüfuzlu hərbi komandiri Qasım Süleymaninin öldürülməsilə nəcitələnmiş dron hücumunun təfərrüatları haqda danışıb.
Tramp bu haqda açıqlamaları cümə günü axşam Floridadakı Mar-a-Laqo iqamətgahında Respublikaçılar Partiyasının seçki kampaniyası üçün maliyyə toplanması tədbirində verib.
CNN tele kanalı şənbə günü prezidentin yanvarın 3-də Bağdad aeroportunda keçirilən əməliyyatın detalları haqda danışdığı səs yazılarını yayımlayıb. ABŞ prezidenti əməliyyatı Ağ Evdən izləyib.
Yanvarın 3-də Qasım Süleymaninin Bağdad aeroportunda öldürülməsinə cavab olaraq İranın ABŞ-ın hərbi qüvvələrinin İraqda qərargahlandığı hərbi bazaya raket zərbələri endirməsi iki ölkə arasında gərginliyin daha da artmasına səbəb olub.
CNN səsləndirilən səs yazısında Trampın Dövlət katibi Mayk Pompeonun dediyi kimi, Süleymaninin birbaşa təhlükə təşkil etməsi haqda bir söz söyləmədiyi haqda məlumat verib.
Tramp “Süleymani bizim ölkəmiz haqda pis danışırdı” deyib.
Daha sonra isə Tramp hərbçilərin ona hücumun gedişi ilə dediklərini təkrar edərək, mənzərəni təsvir edib.
“Onlar dedilər: Ser, onlar bir yerdədir. Ser, onların 2 dəqiqə 11 saniyəsi qalır. Onlar maşındadır. Onlar zirehli maşındadırlar. Onların təxminən 1 dəqiqə 11 saniyəsi qalır...30 saniyə, 10, 9, 8...Sonra birdən zərbə. Ser, onlar artıq yoxdur. Rabitə kəsildi.”
Bu, Trampın göstərişi ilə keçirilən hücumun ən təfərrüatlı təsviridir. Demokratlar və başqa tənqidçilər Trampın Senatda impiçment məhkəməsinə bir ay qalmış keçirilən hücumun vaxtı və administrasiyanın göstərdiyi səbəblərlə bağlı suallar qaldırıb. Trampın hücum haqda göstərişi bir sıra qanunvericilər tərəfindən tənqid edilib, belə ki nə prezident, nə də onun müşavirləri Süleymaninin Amerikanın regionda təhlükəsizliyinə birbaşa hədə təşkil etdiyinə dair bəyanatlarını dəstəkləyə bilən informasiyasını ictimaiyyətə açıqlamayıb.
Tramp ABŞ-ın hücumunun “dünyanı sarsıtdığını” etiraf edib, lakin Süleymaninin “minlərlə amerikalının” öldürülməsinə görə məsuliyyət daşıdığı üçün “ağır zərbə ilə vurulmağa layiq olduğunu” deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?